Körfəz ölkələri “ərəb Şengeni”ni yaxın vaxtlarda istifadəyə verəcək

Körfəz ölkələri “ərəb Şengeni”ni yaxın vaxtlarda

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına  üzv olan altı ölkə üçün vahid turist vizasının yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. “Ərəb Şengeni” adlandırılan “GCC Grand Tourist Visa” xarici turistlərə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Oman və Küveyt arasında daha sərbəst səyahət etmək imkanı verəcək.

Bu barədə Şuranın baş katibi Casem Məhəmməd əl-Budeyvi Ər-Riyadda keçirilən təhlükəsizlik forumunda açıqlama verib.

“Times Kuwait”ın məlumatına görə, layihə altı ölkənin miqrasiya qurumları arasında məsləhətləşmələrin başa çatmasından sonra texniki icra mərhələsinə keçib. Bununla belə, yeni viza sisteminin dəqiq hansı tarixdə fəaliyyətə başlayacağı və müraciət prosedurlarının necə həyata keçiriləcəyi hələ rəsmi şəkildə açıqlanmayıb.

İlkin məlumatlara əsasən, viza üçün müraciət prosesi tamamilə elektron formatda həyata keçiriləcək. Sənədin turist səfərləri və qohum ziyarətləri üçün 30 gündən 90 günədək müddətə etibarlı olması gözlənilir. Vizanın qiymətinin isə ilkin hesablamalara görə 100–150 dollar arasında olacağı ehtimal edilir.

“Ərəb Şengeni” ideyası ilk dəfə 2023-cü ilin payızında Körfəz ölkələrinin turizm nazirləri tərəfindən dəstəklənib. Daha sonra təşəbbüs regionun daxili işlər nazirləri tərəfindən də təsdiqlənib. 2025-ci ilin iyununda BƏƏ-nin iqtisadiyyat naziri Abdulla bin Tuq əl-Mərri layihənin normativ baxımdan təsdiqləndiyini bildirərək vahid vizanın Körfəzi vahid turizm məkanı kimi tanıtmağa xidmət edəcəyini qeyd edib.

Vahid turist vizasının tətbiqi Körfəz ölkələrinin iqtisadiyyatlarını şaxələndirmək və karbohidrogen sektorundan asılılığı azaltmaq strategiyasına da uyğun gəlir. Layihənin region daxilində turist axınının artırılmasına, bir neçə ölkəni əhatə edən səyahət marşrutlarının genişlənməsinə və turizm sektorunun inkişafına təkan verəcəyi gözlənilir.

MONETAR.AZ