Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız həmin qurumlarda “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə istifadə ediləcək.
Fərmanda nəzərdə tutulan qaydalara əsasən, qeyd olunan istisnalar xaricində dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin qalan hissəsi isə dövlət büdcəsinə köçürüləcək.
Yeni qayda dövlət qurumlarının büdcədənkənar maliyyə resurslarının istifadəsi və sosial müdafiəyə yönəldilən vəsaitlərin məqsədyönlü şəkildə bölüşdürülməsi mexanizmini müəyyənləşdirir.