Tariflər bumeranq effekti verdi

Tariflər bumeranq effekti

ABŞ prezidenti Donald Tramp Kanada ilə ticarət qarşıdurmasında təzyiqi daha da artırıb. Ağ Ev qonşu ölkə ilə ticarət rejimini sərtləşdirən beş fərman imzalayıb. Yeni tədbirlər çərçivəsində bir sıra Kanada mallarının idxalına faktiki qadağalar tətbiq olunur, həmçinin Ottavanın ABŞ dövlət satınalmalarında iştirak imkanları məhdudlaşdırılır.

ABŞ administrasiyasının bu addımı yalnız iki ölkə arasındakı ticarət münasibətlərini deyil, daxili siyasi gündəmi də təsirləndirə bilər. Xüsusilə Konqresə aralıq seçkilər ərəfəsində Kanada ilə tarif müharibəsinin Amerika sənayesinə və Respublikaçılar Partiyasının seçki mövqelərinə əlavə xərc yaratması ehtimal olunur.

Tarif qarşıdurmasının yeni mərhələsinə səbəb kimi Kanadanın ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə cavabı göstərilir. Vaşinqtonun əvvəlki tədbirləri iyulun 20-də elan edilib və avqustun 19-da qüvvəyə minib. Həmin qərar çərçivəsində ümumi dəyəri təxminən 20 milyard dollar olan Kanada poladı, alüminiumu, avtomobil komponentləri, meşə məhsulları və bəzi ərzaq məhsullarına 50 faizə qədər rüsum tətbiq edilib.

ABŞ və Kanada tarif müharibəsini dayandırmaq məqsədilə ticarət danışıqlarına başlasalar da, danışıqların nəticəsiz qalmasından sonra Ottava “dollara dollar” prinsipi əsasında cavab tədbirlərinə keçib. Amerika mallarına qarşı Kanada rüsumları sentyabrın 8-də qüvvəyə minib.

Donald Trampın reaksiyası isə gecikməyib. Elə həmin gün Ağ Ev pendir, qayıq və qolf-karlar da daxil olmaqla bir sıra Kanada məhsullarına 50 faizə qədər tarif tətbiq edən yeni sənədlər təqdim edib.

Bu dəfə ABŞ administrasiyası 1930-cu il Tarif Qanununun 338-ci maddəsinə də müraciət edib. Sözügedən norma prezidentə ABŞ-la ədalətli ticarət münasibətləri qurmadığını düşündüyü ölkələrə qarşı birtərəfli idxal məhdudiyyətləri tətbiq etmək imkanı verir.

Ekspertlər hesab edirlər ki, praktiki baxımdan yeni rüsumların təsir dairəsi məhdud ola bilər. Belə ki, tədbirlərin əsasən dəyəri 1 milyard dollardan aşağı olan məhsullara şamil ediləcəyi gözlənilir. Bu baxımdan, qərarların iqtisadi təsirindən daha çox siyasi və simvolik xarakter daşıdığı bildirilir.

Eyni zamanda, yeni tədbirlərin hüquqi əsasları ilə bağlı suallar da yaranıb. 338-ci maddə ABŞ tərəfindən təxminən bir əsrdir istifadə olunmayıb və məhkəmələr tərəfindən bu çərçivədə ciddi şəkildə sınaqdan keçirilməyib. Buna baxmayaraq, tariflərin bir hissəsinin sentyabrın 15-dən qüvvəyə minməsi, Kanada alkoqolu, motosikletləri və süd məhsullarının idxalına tam qadağanın isə sentyabrın 29-dan tətbiq olunması nəzərdə tutulur.

ABŞ administrasiyasının dünən keçirdiyi brifinqlərdə Kanada ilə ticarət sazişinin pozulmasına və tarif qarşıdurmasının davam etməsinə görə məsuliyyətin tamamilə Ottavanın üzərinə düşdüyü bildirilib.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir Kanada hökumətinin cavab tədbirlərini “mənasız qisas” kimi qiymətləndirib. Onun sözlərinə görə, Kanada hakimiyyəti imzalanmağa yaxın olan kompromis razılaşmasını seçmək əvəzinə qarşıdurmanı davam etdirməyə üstünlük verib. Vaşinqton Ottavanı Amerika ixracatçılarına qarşı ayrı-seçkilikdə də ittiham edir. Söhbət ABŞ istehsalı olan alkoqollu içkilərin Kanada pərakəndə şəbəkələrindən çıxarılmasından, Avropa İttifaqının süd məhsulları sektoruna verilən üstünlüklərdən və ABŞ-da istehsal olunan avtomobillərin idxalına kvota tətbiq edilməsindən gedir.

İki ölkə arasındakı qarşıdurmanın miqyasını liderlərin ictimai ritorikası da göstərir. Sentyabrın 6-7-də Donald Tramp “Truth Social” platformasında süni intellekt vasitəsilə hazırlanmış bir sıra memlər paylaşıb. Həmin görüntülərdə ABŞ prezidenti hokkey formasında Kanada oyunçularını və Kanadanın baş naziri Mark Karnini döyən obrazda təqdim olunub.

Bundan bir neçə həftə əvvəl isə Tramp ABŞ-ın rəsmi xəritələrində Ontario gölünün adının “Amerika gölü” kimi dəyişdirilməsi barədə qərar qəbul edib. Kanadanın baş naziri sentyabrın 8-də xalqa müraciətində Ağ Evə memlərlə bağlı mübahisəni dayandırmağı və qarşıdurmaya daha ciddi yanaşmağı tövsiyə edib. Karni həmçinin Kanadanın iqtisadi baxımdan bir tərəfdaşdan asılı olduğu dövrün başa çatdığını bildirib.

ABŞ və Kanada arasında davam edən ticarət müharibəsi hər iki ölkənin liderlərinə daxili siyasi təzyiqi artırır. Karni müxalifətin ABŞ-la pozulmuş tarif razılaşmasının detalları ilə bağlı tələbləri ilə üzləşir. Tramp isə Respublikaçılar Partiyasının daxilindən gələn etirazlarla qarşılaşır.

Bu narazılığın səbəblərindən biri Amerika aviasiya şirkəti “Bombardier”in məhsullarına yüksək tarif tətbiq etmək cəhdi olub. Respublikaçılar prezidentə xatırladıblar ki, şirkət Kanzas və Texas kimi ənənəvi olaraq respublikaçıların güclü mövqeyə malik olduğu ştatlarda da daxil olmaqla ABŞ-da on minlərlə iş yeri təmin edir. Buna görə də yeni tariflərin birbaşa Respublikaçılar Partiyasının seçicilərinə təsir göstərə biləcəyi vurğulanır.

Bununla belə, Kanada ilə ticarət müharibəsinin Respublikaçılar üçün siyasi nəticələri daha geniş ola bilər. “YouGov”un son sorğusuna əsasən, respondentlərin 58 faizi Kanada mallarına rüsum tətbiq edilməsini dəstəkləmir. Bu göstərici tarif siyasətinin qarşıdakı seçkilər ərəfəsində Respublikaçılar üçün əlavə siyasi risk yarada biləcəyinə işarə edir.

MONETAR.AZ