“Qarabağ KOB-ları” layihəsində daha 55 nəfər peşə təlimini başa vurub

“Qarabağ KOB-ları” layihəsində daha 55 nəfər

“Qarabağ KOB-ları” layihəsi çərçivəsində növbəti peşə təlimləri yekunlaşıb. Təlimlər nəticəsində Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından layihəyə cəlb olunan 55 nəfər yeni bilik və bacarıqlara yiyələnərək sertifikat əldə edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, təlim iştirakçıları şəhid ailələrinin üzvləri, müharibə veteranları və onların ailə üzvlərindən ibarət olub. Layihə İqtisadiyyat Nazirliyinin tabeliyində KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir.

Təlimləri uğurla başa vuran iştirakçılar növbəti mərhələdə Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunacaqlar. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq zəruri avadanlıqlarla təmin edilməsi və bununla da yeni kiçik və orta biznes subyektlərinin yaradılmasına şərait yaradılması nəzərdə tutulur.

Artıq dörd ildir həyata keçirilən “Qarabağ KOB-ları” layihəsinin əsas məqsədi şəhid ailələrinin üzvləri, müharibə veteranları və onların ailə üzvlərinin sahibkarlıq imkanlarını genişləndirmək, maddi və sosial rifahının yaxşılaşdırılmasına dəstək vermək, eləcə də yaşadıqları ərazilərdə yeni bizneslərin və iş yerlərinin yaradılmasına şərait yaratmaqdır.

Layihə eyni zamanda işğaldan azad edilmiş ərazilərdə və ətraf rayonlarda müxtəlif xidmət və peşə sahələri üzrə yerli kadr potensialının gücləndirilməsinə, əhalinin məşğulluq imkanlarının artırılmasına və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə töhfə verir.