Əmək bazarına yeni daxil olan yeni nəslin iş yeri seçiminə yanaşması əvvəlki nəsillərdən əhəmiyyətli dərəcədə fərqlənir. 18-24 yaşlı gənclər üçün yalnız yüksək maaş təklifi kifayət etmir. Şirkətin sosial şəbəkələrdəki imici, keçmiş və hazırkı əməkdaşların rəyləri, iş mühiti və kadr axınının səviyyəsi qərarvermə prosesində mühüm rol oynayır.
Aparılan sosial araşdırmalara görə, gənclərin 34%-i iş təklifini dəyərləndirərkən ilk növbədə şirkət haqqında yazılan rəylərə və onun işəgötürən brendinə diqqət yetirir. Respondentlərin 33%-i isə şirkətdə kadr dəyişkənliyinin yüksək olub-olmamasını nəzərə alır. İşçilərin tez-tez dəyişdiyi müəssisələr gənclər üçün daha az cəlbedici görünür.
Azərbaycanda, xüsusilə bank, İT, diler, telekommunikasiya və marketinq sektorlarında da gənc mütəxəssislərin iş yeri seçimində gözləntilər dəyişir. Sosial şəbəkələr bu prosesdə getdikcə daha böyük rol oynayır. Gənclərin 28%-i şirkətin sosial media platformalarında necə təqdim olunmasına diqqət yetirir. LinkedIn, Instagram və TikTok-da paylaşılan ofis görüntüləri, komanda tədbirləri və gündəlik iş mühiti şirkət haqqında ilkin təsəvvürün formalaşmasına təsir göstərir.
İş mühiti və rəhbərliklə münasibətlər də Z nəslinin əsas meyarları sırasındadır. Araşdırmada iştirak edənlərin 29%-i rəhbərlərlə ünsiyyətin xarakterinə, kollektivdəki münasibətlərə və ümumi iş atmosferinə xüsusi əhəmiyyət verir. Gənclər üçün psixoloji təzyiq və toksik iş mühiti ciddi mənfi faktor hesab olunur.
Bununla belə, maliyyə amili öz əhəmiyyətini itirməyib. Gənclərin 42%-i maaşı iş seçərkən ən vacib meyarlardan biri hesab edir. Eyni zamanda, iş-həyat balansı da ön plana çıxır. Respondentlərin 22%-i hibrid və ya uzaqdan işləmək imkanını, eləcə də şəxsi həyata kifayət qədər vaxt ayırmağı vacib şərt kimi qiymətləndirir.
Ekspertlər hesab edirlər ki, Z nəslinin işə münasibətində əsas dəyişikliklərdən biri şirkət haqqında əvvəlcədən geniş araşdırma aparılmasıdır. Gənclər vakansiyaya müraciət etməzdən əvvəl şirkətin sosial şəbəkələrini nəzərdən keçirir, orada çalışan və ya əvvəllər çalışmış şəxslərin fikirlərini öyrənir və kollektivdəki münasibətlər barədə məlumat toplamağa çalışırlar.
HR mütəxəssislərinin fikrincə, şirkətdə psixoloji təzyiq, yüksək kadr axını və əməkdaşların rifahına kifayət qədər diqqət göstərilməməsi güclü namizədlərin həmin iş yerindən uzaqlaşmasına səbəb ola bilər. Buna görə də işəgötürənlər yalnız maaş və bonuslarla deyil, həm də sağlam iş mühiti, açıq kommunikasiya və əməkdaşların rifahına yönələn tədbirlərlə özlərini fərqləndirməlidirlər.
Statistikaya əsasən, hazırda şirkətlərdə çalışan gənclərin 63%-i öz işindən razıdır. Bu göstərici onu deməyə əsas verir ki, yeni nəslin gözləntilərini düzgün qiymətləndirən və iş mühitini onların tələblərinə uyğunlaşdıran şirkətlər əmək bazarında daha çox rəqabət üstünlüyü əldə edə bilərlər.
MONETAR.AZ