Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində regionlarda dövlət qulluqçularının peşəkar inkişafına yönəlmiş təlimləri davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Strategiyanın 1–3-cü bəndlərində nəzərdə tutulan tədbirlər üzrə DİM əsas icraçı qurum kimi müəyyən edilib. Bu çərçivədə 2026-cı ilin sonunadək ölkənin bütün regionlarında dövlət qulluqçuları üçün müxtəlif mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.
Sentyabrın 7-dən 11-dək Naxçıvan şəhərində, həmçinin Babək, Şahbuz, Sədərək, Kəngərli, Şərur, Ordubad və Culfa rayonlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün üç istiqamət üzrə təlimlər təşkil olunub. İştirakçılara “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzuları təqdim edilib.
Təlimlər zamanı mövzular üzrə geniş məlumat verilib, iştirakçıların iştirakı ilə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
DİM-in məlumatına görə, dövlət qulluqçularının peşəkar bacarıqlarının inkişafına yönəlmiş təlimlər ilin sonunadək Azərbaycanın digər şəhər və rayonlarında da davam etdiriləcək.