DİM oktyabrda iki dövlət qulluğu imtahanı keçirəcək

DİM oktyabrda iki dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabr ayında dövlət qulluğu ilə bağlı iki imtahan keçirəcək. Namizədlər 14 oktyabrda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, 15 oktyabrda isə BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak edə biləcəklər.

İmtahanlarda iştirak etmək istəyən namizədlər əvvəlcə DİM-in internet portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Şəxsi kabineti artıq olan şəxslər isə mövcud hesablarından istifadə edə bilərlər. İmtahan haqqının ödənilməsi üçün kabinetdəki pul hesabına müxtəlif üsullarla vəsait yükləmək mümkündür.

Qeydiyyatdan keçdikdən sonra namizədlər müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətlərindən istifadə etməklə elektron qeydiyyatdan keçməlidirlər. İmtahana qeydiyyatdan keçib iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

BB vəzifə qrupu üzrə test imtahanı oktyabrın 15-də keçiriləcək. Bu imtahana qeydiyyat sentyabrın 10-da saat 16:00-da başlayıb və oktyabrın 1-i saat 18:00-da başa çatacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və iştirakçılar üçün ümumilikdə 920 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı isə oktyabrın 14-də saat 10:00-da keçiriləcək. AB, AC, BA və BB vəzifə qruplarını əhatə edən imtahan kompüter vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil ediləcək. Bu imtahan üçün də 920 yer nəzərdə tutulub.

Həmin imtahana qatılmaq istəyən şəxslərin qeydiyyatı sentyabrın 10-u saat 16:00-dan oktyabrın 1-i saat 18:00-dək DİM-in internet portalı üzərindən aparılacaq.