“Samsung Electronics” və “Qualcomm” şirkətləri arasında 2 nanometrlik texnoloji proses üzrə əməkdaşlıqla bağlı danışıqlar nəticə verməyib. Tərəflər qiymət məsələsində ortaq mövqeyə gələ bilmədikləri üçün “Qualcomm”un tətbiqi prosessorlarının “Samsung”un müqaviləli çip istehsalı müəssisələrində 2 nanometrlik texnologiya ilə istehsalına dair potensial saziş təxirə salınıb.
“The Bell” nəşrinin məlumatına görə, yaranmış vəziyyət prosessorların istehsalının 2027-ci ilə keçməsi ehtimalını artırır. Bu isə “Samsung”un yeni 2 nanometrlik texnoloji prosesində əvvəllər əsas problem olan məhsuldarlıq və yararlı kristal çıxımı göstəricilərinin yaxşılaşmasına baxmayaraq, şirkətin “Qualcomm”u iri müqaviləli müştəri kimi qoruyub saxlamaq imkanlarına dair suallar yaradır.
Hesabata əsasən, tərəflər hazırda müzakirə olunan 2 nanometrlik istehsal texnologiyası ilə bağlı ciddi texniki problemlə üzləşməyiblər. Əksinə, “Qualcomm”un texnoloji prosesə münasibətinin müsbət olduğu bildirilir. “Samsung”un 2 nanometrlik texnologiya əsasında hazırladığı “Exynos 2600” və gələcək “Exynos 2700” çiplərinin də istehsal göstəriciləri baxımından yüksək nəticələr nümayiş etdirdiyi qeyd olunur.
Məsələnin əsas düyünü isə qiymət məsələsidir. “Qualcomm” istehsal xərclərinin aşağı salınmasını tələb edir, “Samsung” isə bu güzəştə getmək istəmir. Danışıqların uzanması 2026-cı ildə istehsal prosesinin həyata keçirilməsini də çətinləşdirib. Çünki prosessorların istehsal qrafiki yeni smartfon modellərinin təqdimat tarixləri ilə uyğunlaşdırılmalıdır.
Nəşrin məlumatına görə, şirkətlər danışıqları “Qualcomm”un növbəti nəsil tətbiqi prosessorlarına yönəltməyi də nəzərdən keçirirlər.
Yaranmış fikir ayrılığı “Samsung”un foundry, yəni müqaviləli çip istehsalı biznesində strategiyasının dəyişdiyini də göstərir. Şirkət əvvəllər müştəri bazasını genişləndirmək məqsədilə müəyyən hallarda daha aşağı qiymətli müqavilələrə razılaşırdı. Lakin “Tesla” və “Broadcom” kimi strateji müştəriləri cəlb etdikdən sonra şirkətin qiymət rəqabətinə əvvəlki qədər maraq göstərmədiyi bildirilir.
Bundan başqa, “Qualcomm”la hazırda müzakirə edilən sifariş həcminin nisbətən kiçik olması da “Samsung”un ciddi qiymət güzəştlərinə getmək marağını azaldır.
“The Bell”in istinad etdiyi “Samsung Electronics” nümayəndəsi bildirib ki, danışıqların uzanması səbəbindən “Qualcomm” prosessorlarının bu il istehsalını həyata keçirmək çətinləşib və artıq növbəti nəsil məhsulların istehsalı ilə bağlı müzakirələr aparılır.
Nümayəndənin sözlərinə görə, “Samsung” “Tesla” və “Broadcom” kimi müştəriləri cəlb etdikdən sonra əvvəlki dövrlərdə olduğu kimi qiymət müharibəsinə qoşulmaq strategiyasından uzaqlaşıb.
MONETAR.AZ