Bakıda dayanıqlı biznesin iqlim gündəliyi müzakirə olunub

Bakıda dayanıqlı biznesin iqlim gündəliyi

Bakıda keçirilən “Təsir Dialoqu: Bakı Dayanıqlı Biznes Assambleyası 2026” çərçivəsində özəl sektorun iqlim fəaliyyətinin sürətləndirilməsi, şirkətlərin götürdüyü öhdəliklərin real layihələrə çevrilməsi və biznesin yaşıl keçiddə rolunun gücləndirilməsi məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Bakı Korporativ Dayanıqlılıq Forumunun yekun tədbiri olan Assambleya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsinin İcra Forumunun rəsmi sessiyası və Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində təşkil edilib. Tədbir BMT Qlobal Sazişinin Azərbaycan Şəbəkəsinin əsas platformalarından biri kimi Azərbaycanın və regionun aparıcı biznes nümayəndələrini, siyasətçiləri, maliyyə institutlarını və beynəlxalq tərəfdaşları bir araya gətirib.

Dialoqda Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı və Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası baş katibinin müavini Dmitri Mariyasin, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko, COP31-in İqlim üzrə Yüksəksəviyyəli Çempionunun xüsusi müşaviri Kris Mensah, eləcə də aparıcı şirkət və maliyyə institutlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən BMT Qlobal Sazişinin Azərbaycan üzrə ölkə nümayəndəsi Samir Məmmədov iqlim öhdəliklərinin konkret fəaliyyətə çevrilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ artıq biznesin iqlim fəaliyyətində rolunun olub-olmaması deyil, mövcud ambisiyaların nə qədər sürətlə və effektiv şəkildə həyata keçirilməsidir.

Samir Məmmədov bildirib ki, Assambleyanın əsas məqsədlərindən biri biznesi, hökuməti, maliyyə sektorunu və beynəlxalq tərəfdaşları bir araya gətirərək iqlim üzrə müəyyənləşdirilən hədəflərin reallaşdırılmasına imkan verən əməkdaşlıq mühiti yaratmaqdır. O qeyd edib ki, Bakı Dayanıqlı Biznes Assambleyası Azərbaycanın və regionun özəl sektorunun iqlim keçidində rolunun gücləndirilməsinə, yerli biznes gündəliyinin Qlobal İqlim Fəaliyyəti Gündəliyi, Azərbaycanın NDC 3.0 sənədi və COP31-ə gedən proseslə əlaqələndirilməsinə xidmət edir.

Liderlər Dialoqunda iqlim fəaliyyətinin biznes üçün yalnız ekoloji öhdəlik deyil, eyni zamanda rəqabətqabiliyyətlilik, dayanıqlılıq və uzunmüddətli iqtisadi artım mənbəyinə çevrilməsi yolları nəzərdən keçirilib.

Sektorlar üzrə müzakirələrdə enerji, bankçılıq və maliyyə, sement və tikinti, telekommunikasiya və nəqliyyat, pərakəndə və distribusiya sahələrinin nümayəndələri özəl sektorun qarşılaşdığı imkan və çətinlikləri bölüşüblər. SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov, “Norm Cement”in baş icraçı direktoru Henning Sasse, “Azercell Telekom”un baş hüquq və data üzrə direktoru Şirin Əliyeva və “Veysəloğlu Şirkətlər Qrupu”nun baş direktor müavini Könül Kərimova biznesin yaşıl keçidi zamanı qarşıya çıxan praktiki məsələlər barədə fikirlərini səsləndiriblər.

Muxtar Babayev, Dmitro Şlapaçenko, Dmitri Mariyasin və Kris Mensahın çıxışlarında isə Assambleyanın regional və beynəlxalq iqlim gündəliyi baxımından əhəmiyyəti önə çəkilib. Çıxışlarda BMT Qlobal Sazişinin özəl sektoru dayanıqlı inkişaf məqsədləri ətrafında səfərbər etmək və qlobal iqlim çərçivələrini yerli biznes təşəbbüslərinə çevirmək istiqamətində rolunun artdığı bildirilib.

Tədbirdə COP29 Sədrliyi komandasının özəl sektorun qlobal iqlim fəaliyyəti gündəliyinə cəlb olunmasında göstərdiyi liderlik də yüksək qiymətləndirilib.

Assambleya Azərbaycanın və regionun biznes ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar tədbirin şirkətlərin iqlim və dayanıqlı inkişaf üzrə götürdükləri öhdəliklərdən konkret əməkdaşlığa və real icraya keçməsi üçün mühüm platforma yaratdığını vurğulayıblar.

Qeyd olunub ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində formalaşdırılan biznes gündəliyinin həyata keçirilməsində bankçılıq və telekommunikasiya, neft-qaz, tikinti və digər sahələri təmsil edən şirkətlər fəal iştirak edirlər.