Ford zavodun modernləşdirilməsinə 1 milyard dollar investisiya yatıracaq

Ford zavodun modernləşdirilməsinə 1 milyard dollar

"Ford Motor" ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində yerləşən "Kentucky Truck Plant" zavodunda yeni rəngləmə sexinin tikintisinə 1 milyard dollar investisiya yatıracağını açıqlayıb. Tikinti işlərinə cari ilin sonunadək başlanılması planlaşdırılır.

Şirkətin ən böyük və ən yüksək gəlir gətirən istehsal müəssisəsi olan zavodda mövcud rəngləmə sexi tamamilə yenilənəcək. Müəssisənin istehsal gücü yüksək olaraq qalır və burada konveyerdən hər 45 saniyədən bir yeni avtomobil çıxır.

"Ford"un prezidenti və baş icraçı direktoru Cim Farli bildirib ki, bu investisiya şirkətin Kentukki ştatına və ABŞ istehsalına uzunmüddətli sadiqliyinin göstəricisidir.

"Əsrdən artıqdır ki, 'Ford' və Kentukki birlikdə inkişaf edir. Bu investisiyalar işçi qüvvəsinə olan inamımızı, Amerika istehsalına sadiqliyimizi və mobilliklə energetikanın gələcəyinin məhz burada formalaşacağına inamımızı nümayiş etdirir", – deyə o qeyd edib.

Yeni layihə "Ford"un Kentukkidə həyata keçirdiyi təxminən 4 milyard dollarlıq investisiya proqramının tərkib hissəsidir. Bunun 2 milyard dolları "Louisville Assembly Plant" zavodunun şirkətin yeni elektrik avtomobil platforması üçün istehsal mərkəzinə çevrilməsinə, digər 2 milyard dolları isə Qlendeyldə yerləşən "Ford Energy Systems" müəssisəsində enerji saxlama sistemlərinin istehsalına yönəldilib.

Hazırda "Ford" Kentukkidə 11 500-dən çox işçi çalışdırır və ştatda fəaliyyətini 1913-cü ildən, ilk Ford Model T avtomobilinin Luisvilldə istehsalından bəri davam etdirir.

Yeni rəngləmə sexi daha yüksək məhsuldarlıq, boya keyfiyyəti və ekoloji səmərəlilik təmin edən müasir texnologiyalarla təchiz olunacaq.

Hazırda "Kentucky Truck Plant" zavodunda F-Series Super Duty pikapları, Ford Expedition və Lincoln Navigator yolsuzluq avtomobilləri istehsal edilir.

Bundan əlavə, yenidən qurulan "Louisville Assembly Plant" zavodunda 2027-ci ildə təqdim edilməsi planlaşdırılan Ford Fathom elektrik pikapı istehsal olunacaq. Layihənin təxminən 2 200 iş yerinin yaradılmasına və ya qorunmasına töhfə verəcəyi gözlənilir.

Qlendeyldəki "Ford Energy Systems" müəssisəsinin isə azı 2 100 yeni iş yeri yaratması və ildə 20 giqavat-saatdan çox enerji saxlama gücü istehsal etməsi planlaşdırılır. Zavodun fəaliyyətə başlaması 2027-ci ilin sonuna nəzərdə tutulub.

MONETAR.AZ