“Volkswagen” qrupunun həyata keçirməyə hazırlaşdığı genişmiqyaslı restrukturizasiya proqramının ümumi dəyəri təxminən 16 milyard avro (18,6 milyard dollar) təşkil edəcək. Məbləğə Almaniyadakı zavodlarda mümkün istehsal dayandırılmasının və iş yerlərinin ixtisarının yaratdığı xərclər daxildir.
“Reuters”in məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, bu rəqəm Almaniyanın “Der Spiegel” jurnalının daha əvvəl dərc etdiyi məlumatları da təsdiqləyir. Plan şirkətin müşahidə şurası tərəfindən bu ayın əvvəlində təsdiqlənib.
Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” sözügedən proqramı şirkətin 89 illik tarixində ən böyük restrukturizasiya kimi qiymətləndirir. Şirkət yenidənqurma qərarının əsas səbəbləri sırasında ABŞ-ın yüksək gömrük rüsumlarını, istehsal güclərinin artıq olmasını və Çin avtomobil istehsalçılarının bazarda artan rəqabətini göstərir.
Razılaşmaya əsasən, “Volkswagen” Almaniyadakı dörd zavodun gələcəyi ilə bağlı müxtəlif variantları nəzərdən keçirəcək. Söhbət Emden, Svikkaud, Nekkarzulm və Hannoverdəki müəssisələrdən gedir. Bu zavodlarda mövcud model xətlərinin növbəti onillik ərzində yeni əvəzləyici modellər olmadan mərhələli şəkildə dayandırılması ehtimalı var.
Bununla yanaşı, şirkət əvvəlki planlarla müqayisədə təxminən 50 min daha çox iş yerini ixtisar etməyə hazırlaşır. “Reuters”in hesablamalarına görə, Emden və Svikkaud zavodlarında istehsalın dayandırılması hər bir müəssisə üzrə təxminən 1 milyard avroya başa gələ bilər. Nekkarzulm və Hannover zavodları üzrə isə bu xərcin hər biri üçün təxminən 2 milyard avro olacağı gözlənilir.
Restrukturizasiya büdcəsinin ən böyük hissəsi işçi sayının azaldılmasına yönəldiləcək. Təxminən 10 milyard avro “Volkswagen”in dünya üzrə fəaliyyətində 60 minədək iş yerinin ləğvi ilə bağlı xərclərin qarşılanmasına sərf olunacaq.
Razılaşmanın əldə olunmasından əvvəl şirkətin rəhbərliyi, əsas səhmdarı “Porsche SE”, həmkarlar ittifaqları və “Volkswagen”in ikinci ən böyük səhmdarı olan Aşağı Saksoniya federal torpağı arasında həftələrlə davam edən gərgin danışıqlar aparılıb. Müzakirələr zamanı minik avtomobilləri və komponentlər bölmələrinin ayrıca strukturlara ayrılması ilə bağlı əvvəlki təklif də gündəmdən çıxarılıb.
Əldə olunan razılaşma həmçinin rəhbərliyin işçilərin və Aşağı Saksoniyanın müqavimətinə baxmayaraq restrukturizasiya planını irəli sürmək üçün növbədənkənar səhmdarlar toplantısı keçirmək ehtimalını da aradan qaldırıb.
Bunun müqabilində yeni razılaşma “Volkswagen”in mürəkkəb konqlomerat strukturunun sadələşdirilməsini nəzərdə tutur və həmkarlar ittifaqları ilə Aşağı Saksoniyanın səs çoxluğuna malik olduğu müşahidə şurasının şirkətin strateji qərarlarına təsir imkanlarını müəyyən qədər məhdudlaşdırır.
MONETAR.AZ