Çin bu həftə ABŞ-dan ümumi həcmi təxminən 1 milyon ton olan 14–15 partiya soya lobyası satın alıb. Bu barədə “Reuters” agentliyi bazar iştirakçılarına istinadən məlumat yayıb.
Məlumata görə, alışlar Çin Xalq Respublikasının sədri Si Cinpinin bu ayın sonunda Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində həyata keçirilib. Dünyanın ən böyük yağlı bitkilər idxalçısı hesab edilən Çinin son günlərdə alış fəallığını artırdığı bildirilir.
Ağ Evin məlumatına əsasən, son sövdələşmələr də nəzərə alınmaqla, Çinin ABŞ-dan aldığı soya lobyasının ümumi həcmi Pekinin 2028-ci ilədək hər il idxal etməyi öhdəsinə götürdüyü 25 milyon tonun təxminən yarısına çatıb.
“Reuters”in məlumatına görə, alışlar Çinin dövlət taxıl ehtiyatları operatoru “Sinograin” tərəfindən həyata keçirilib. Soya lobyasının dekabr–fevral aylarında ABŞ-ın Meksika körfəzi sahilində yerləşən terminallarından göndərilməsi planlaşdırılır.
MONETAR.AZ