Çin ABŞ-dan idxal olunan geniş çeşiddə kənd təsərrüfatı məhsullarına, o cümlədən ət, qarğıdalı və süd məhsullarına tətbiq edilən tariflərin azaldılacağını açıqlayıb. Bununla belə, Pekinin bu gün dərc etdiyi güzəştli tariflər siyahısına bütöv soya paxlası daxil edilməyib.
Çin Ticarət Nazirliyi ötən həftənin sonunda ABŞ-la elan edilmiş 30 milyard dollarlıq qarşılıqlı tarif güzəştləri çərçivəsində idxal rüsumlarından azad edilən 1 619 adda məhsulun siyahısını açıqlayıb.
Siyahıda müxtəlif kənd təsərrüfatı məhsulları ilə yanaşı, soya paxlasından hazırlanan soya yağı və soya jmıxı (küspəsi) də yer alıb. Lakin bütöv soya paxlasının siyahıya salınmaması o deməkdir ki, bu məhsul Çində əvvəlki kimi 10 faizlik əlavə idxal rüsumuna cəlb olunacaq.
Bu qərar Pekinin vaxtilə ABŞ-dan idxalın ən böyük məhsul qruplarından biri olan soya paxlasının alışına münasibətdə ehtiyatlı mövqeyini davam etdirdiyini göstərir. İki ölkə arasında ötən il kəskin ticarət qarşıdurması yaranarkən, soya paxlası da danışıqlarda siyasi baxımdan həssas məsələlərdən birinə çevrilmişdi.
Ticarət gərginliyinin sonradan azalmasına baxmayaraq, Çin soya paxlası alışlarını ABŞ-la danışıqlarda mühüm vasitələrdən biri kimi saxlamaqda davam edir. Bu ilin əvvəlində ABŞ-la əldə edilmiş ticarət atəşkəsi çərçivəsində Pekin 2028-ci ilə qədər hər il 25 milyon ton ABŞ soya paxlası almaq öhdəliyi götürüb.
ABŞ və Çin arasında əldə olunan razılaşmaya əsasən, tərəflər yaxın aylarda Ticarət Şurasının yaradılması üzərində də işləyəcəklər. Şuranın əsas istiqamətlərindən biri hər iki tərəfin ümumi dəyəri 30 milyard dollar olan mallara tətbiq etdiyi tariflərin qarşılıqlı şəkildə azaldılmasını müzakirə etmək olacaq.
Çin Ticarət Nazirliyi bazar ertəsi bildirib ki, iki ölkə arasında ticarət atəşkəsinin daha iki ay uzadılması tərəflərə mövcud ticarət maneələrinin aradan qaldırılması üçün əlavə imkan yaradacaq. Bu qərar ötən həftə Vaşinqtonda keçirilən ABŞ-Çin sammitinin əsas nəticələrindən biri olub.
Birləşmiş Ştatlar da öz növbəsində plastikdən elektronika məhsullarınadək ümumi dəyəri 30 milyard dollara qədər olan 77 adda Çin məhsuluna tətbiq edilən tariflərin azaldılmasına razılıq verib.
Beləliklə, tərəflər arasında tariflərin qarşılıqlı şəkildə yumşaldılması istiqamətində addımlar atılsa da, soya paxlasının güzəşt siyahısından kənarda qalması bu məhsulun ABŞ-Çin ticarət danışıqlarında hələ də xüsusi əhəmiyyət daşıdığını göstərir.
MONETAR.AZ