Fermerlərə əkin qərarları ilə bağlı yeni mexanizm tətbiq ediləcək

Fermerlərə əkin qərarları ilə bağlı yeni mexanizm

Azərbaycanda fermerlərin bazardakı tələb və təklif meyillərini nəzərə alaraq əkin qərarları verməsinə imkan yaradacaq yeni mexanizmin tətbiqi planlaşdırılır.

AZƏRTAC  xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bir il qiyməti yüksək olan məhsula növbəti il fermerlərin daha çox üstünlük verməsi təkcə Azərbaycana deyil, dünya təcrübəsinə xas haldır. Onun sözlərinə görə, belə vəziyyətlərin qarşısının alınması üçün fermerlərin məlumatlılığının artırılması mühüm əhəmiyyət daşıyır.

Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi hər il ayrı-ayrı məhsullar üzrə əkin sahələrinə dair məlumatları açıqlayır. Fermerlər həmin göstəriciləri, eləcə də əvvəlki illərin dinamikasını nəzərə alaraq növbəti əkin mövsümündə hansı məhsula üstünlük verəcəkləri barədə daha əsaslandırılmış qərar qəbul edə bilərlər.

Məcnun Məmmədov bildirib ki, rəqəmsallaşdırma və süni intellekt layihələri çərçivəsində fermerlərə əkinlə bağlı mərhələli tövsiyələrin verilməsi mexanizmi üzərində iş aparılır. İlk mərhələdə fermer əkinə başlamazdan əvvəl seçdiyi məhsul üzrə nə qədər sahənin bəyan edildiyi barədə məlumat əldə edəcək. Bundan sonra qərarı fermerin özü verəcək.

Nazirin sözlərinə görə, mexanizm tətbiq edildikdən və fermerlər bu sistemə uyğunlaşdıqdan sonra, təxminən bir-iki il ərzində subsidiya mexanizminin də bu yanaşmaya uyğunlaşdırılması nəzərdə tutulur.

Beləliklə, müəyyən məhsullar üzrə əkin sahələri üçün dövlət tərəfindən subsidiya həddi müəyyən ediləcək. Həmin həddə qədər aparılan əkin subsidiyalaşdırılacaq, müəyyən edilmiş limiti aşan sahələrə isə subsidiya verilməyəcək. Fermerlər isə bu sahələrdə məhsul əkib-əkməmək barədə qərarı özləri verəcəklər.