Dünyanın ən böyük gübrə ixracatçıları 

Dünyanın ən böyük

2025-ci ildə dünya üzrə 113,3 milyon tondan çox gübrə ixrac edilib. Bunun 53 faizi Rusiya, Kanada, Mərakeş və Çinin payına düşüb. Rusiya 23,2 milyon tonla dünyanın ən böyük gübrə ixracatçısı olub.

Monetar.az xəbər verir ki, Visual Capitalist-in BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatları əsasında hazırladığı araşdırmada 2025-ci ildə gübrə ixrac edən ölkələrin göstəriciləri müqayisə edilib.

Məlumatlara görə, Rusiya 23 milyon 234,6 min ton gübrə ixrac etməklə birinci yerdə qərarlaşıb. Kanadanın ixracı 14 milyon 419,3 min ton, Mərakeşin 12 milyon 154,4 min ton, Çinin isə 10 milyon 126,1 min ton təşkil edib.

İlk beşlikdə ABŞ da yer alıb. Ölkə 6 milyon 372,6 min ton gübrə ixrac edib. Səudiyyə Ərəbistanı 5 milyon 589,1 min tonla altıncı, Almaniya 3 milyon 136,4 min tonla yeddinci olub.

İsrail 2 milyon 782,9 min ton, Qətər 2 milyon 471 min ton, Belarus isə 2 milyon 436,7 min ton ixracla ilk onluqda yer alıb.

Gübrə ixracında ölkələrin üstünlüyü əsasən təbii ehtiyatlar və enerji imkanları ilə bağlıdır. Kalium gübrələrinin istehsalında əsas üstünlük geniş kalium yataqlarına malik Kanadadadır. Ölkənin istehsalı əsasən Saskaçevan əyalətində cəmləşib.

Mərakeş isə fosfat ehtiyatları ilə seçilir. Ölkənin dövlət şirkəti OCP Group fosfat filizini çıxararaq fosfor turşusu və fosfat gübrələri istehsal edir.

Azot gübrələrinin istehsalında isə əsas amillərdən biri təbii qazdır. Ammonyak istehsalı üçün həm enerji, həm də hidrogen mənbəyi kimi istifadə olunan təbii qaz Rusiya, Qətər və ABŞ kimi ölkələrin bu sahədə mövqeyini gücləndirir.

Çin isə ammonyak istehsalında əsasən kömür ehtiyatlarından istifadə edir. Ölkə dünyada ən böyük kömür istehsalçılarından biridir.

Gübrə bazarındakı bu yüksək konsentrasiya kənd təsərrüfatı üçün əhəmiyyət daşıyır. Çünki azot, fosfor və kalium bitkilərin inkişafı üçün əsas qida elementləridir və onların tədarükündə aparıcı ixracatçı ölkələrdən asılılıq qlobal ərzaq istehsalına təsir göstərə bilər.