Alüminium qiymətləri kəskin artaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal sənaye metalları bazarı Donald Tramp tərəfindən Hörmüz boğazı üzərində sərt hərbi-dəniz blokadası tətbiq ediləcəyi vədi fonunda şok vəziyyətinə düşüb. Bu barədə Bloomberg məlumat yayıb.
Londonda keçirilən ticarət zamanı metalın qiyməti bir anda 2% artıb. Bu yüksəliş Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda xammalın fiziki çatışmazlığı ilə bağlı qorxuların artması ilə izah olunur.
Alüminium bazarı üçün Hörmüz boğazı ilə bağlı xəbər xüsusilə kritikdir. Belə ki, Yaxın Şərq ölkələrinin payına bu metalın qlobal istehsalının təxminən 9%-i düşür. Vəziyyəti daha da ağırlaşdıran amil isə regionun ən böyük istehsalçısı olan Emirates Global Aluminium şirkətinin artıq bəzi ixrac müqavilələri üzrə fors-major elan etməsidir.
Digər əsas metallar isə bazar ertəsi fərqli istiqamətlərdə hərəkət edib: ya sıfıra yaxın səviyyədə qalıb, ya da ucuzlaşıb. Buna səbəb ABŞ–İran sülh danışıqlarının uğursuzluğa düçar olmasıdır. Diplomatik prosesin pozulması ötən həftə müşahidə olunan qısa müddətli optimizmi aradan qaldırıb.
Ümumilikdə sənaye metalları sektoru hazırda təzyiq altındadır: investorlar enerji qiymətlərinin rekord səviyyəyə yüksəlməsi fonunda qlobal iqtisadiyyatda tələbin azalacağından ehtiyat edirlər. Alüminium isə kəskin təklif çatışmazlığı səbəbindən bu tendensiyadan kənarda qalan yeganə metal kimi seçilir.
Son məlumatlara görə, alüminiumun bir tonunun qiyməti 3 545,50 dollar (1,3% artım), misin qiyməti 12 857 dollar (0,1% artım), sink isə 0,1% ucuzlaşıb.