Son bir ildə Bakının 12 inzibati rayonunun hamısında mənzillərin qiyməti artıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.
AQC-nin hesablamalarında əvvəlki bazar göstəriciləri, son 12 ayda qiymət artımı, ərazinin yerləşməsi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, mənzilin təmir və planlaşdırma vəziyyəti, sənədləşmə və infrastruktur kimi amillər nəzərə alınıb.
Hazırda Bakıda mənzillərin 1 kvadratmetrinin orta qiyməti 2 934 manat təşkil edir. Paytaxt üzrə maksimum göstərici 4 015 manat, minimum göstərici isə 2 026 manatdır.
Rayonlar arasında ən yüksək orta qiymət Səbaildə qeydə alınıb. Burada mənzillərin 1 kvadratmetrinin orta qiyməti 4 132 manatdır. Nərimanovda bu göstərici 3 870 manat, Nəsimidə 3 724 manat təşkil edir.
Xətai rayonunda mənzillərin 1 kvadratmetrinin orta qiyməti 3 343 manat, Yasamalda 3 361 manat, Sabunçuda isə 3 248 manatdır.
Nizami rayonunda orta qiymət 2 701 manat, Binəqədidə 2 540 manat, Qaradağda 2 028 manat, Suraxanıda 1 996 manatdır.
Daha aşağı qiymətlər Xəzər və Pirallahı rayonlarında qeydə alınıb. Xəzərdə mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1 628 manat, Pirallahıda isə 1 452 manatdır.
Maksimum qiymətlərə gəlincə, Nəsimidə 1 kvadratmetr üçün 6 546 manata qədər, Səbaildə 6 077 manata qədər, Nərimanovda isə 5 076 manata qədər qiymətlər qeydə alınıb.
AQC qeyd edir ki, təqdim olunan rəqəmlər paytaxtın mənzil bazarında ümumi orta qiymət səviyyəsini əks etdirir. Konkret mənzilin bazar dəyəri müəyyən edilərkən onun yerləşməsi, təmiri, planlaşdırılması, sənədləri, binanın yaşı və digər fərdi xüsusiyyətləri ayrıca nəzərə alınır.
MONETAR.AZ