“General Motors” (GM) ABŞ avtomobil bazarında rəqabətin daha da sərtləşəcəyini nəzərə alaraq fəaliyyətinin səmərəliliyini maksimum səviyyəyə çatdırmağı planlaşdırır.
Şirkətin maliyyə direktoru Pol Ceykobson “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, GM ABŞ bazarında artan rəqabətə hazırlaşır.
Ceykobsonun sözlərinə görə, ABŞ hazırda beynəlxalq bazarlarda Çin istehsalçılarının artan təzyiqi ilə üzləşən qlobal avtomobil şirkətləri üçün potensial “çıxış qapısına” çevrilir. O qeyd edib ki, ABŞ faktiki olaraq Çin avtomobillərinin idxalını məhdudlaşdırdığı üçün digər istehsalçılar bu bazarda öz mövqelərini gücləndirməyə çalışa bilərlər.
Ceykobson Çin avtomobil istehsalçılarının ABŞ bazarına mümkün çıxışı ilə bağlı konkret proqnoz verməkdən imtina edib. Bununla belə, o, GM-in biznesini mümkün qədər rəqabətqabiliyyətli vəziyyətə gətirməsinin vacibliyini vurğulayıb.
ABŞ avtomobil bazarında rəqabətlə bağlı narahatlıqlar ötən həftə Prezident Donald Trampın Çin şirkətlərinin ABŞ ərazisində avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirməsindən sonra daha da artıb. Tramp belə investisiyaların amerikalı işçilərin işə götürülməsi şərtilə mümkün ola biləcəyini açıqlayıb.
Bu açıqlama Çin avtomobil istehsalçılarının dünyanın ən böyük avtomobil bazarlarından biri olan ABŞ-da birbaşa istehsal imkanları əldə edə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
MONETAR.AZ