Neftin bahalaşması ABŞ istiqrazlarının satışını sürətləndirib

Neftin bahalaşması ABŞ istiqrazlarının

Neft qiymətlərinin yüksəlməsi fonunda ABŞ dövlət istiqrazlarının satışı həftənin ilk ticarət günündə yenidən sürətlənib. “Bloomberg” yazır ki, ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazının açılması ilə bağlı son təklifini rədd etməsi inflyasiya ilə bağlı narahatlıqları daha da artırıb.

Faiz dərəcələrinə daha həssas olan 2 illik ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi 5 baza bəndi artaraq 4,90 faizə, 10 illik istiqrazların gəlirliliyi isə 4 baza bəndi yüksələrək 5,20 faizə çatıb.

ABŞ-la yanaşı, Yaponiya, Avstraliya və Cənubi Koreyanın dövlət istiqrazları da ucuzlaşıb. Ötən həftə Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin sərt ritorikası fonunda istiqraz gəlirlilikləri bütün əsas müddətlər üzrə çoxillik maksimumlara yüksəlmişdi.

Honkonq vaxtı ilə saat 10:59-a olan məlumata görə, Brent markalı neftin qiyməti 2 faizdən çox artaraq bir barel üçün 106,31 dollara çatıb. Dekabr fyuçersləri isə təxminən 99 dollar ətrafında ticarət olunur.

İran Hörmüz boğazının açılması ilə bağlı mövqeyini dəyişməyəcəyini açıqlayıb. Bu vəziyyət inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrinin artırılması gözləntiləri ilə üzləşən FED-ə təzyiqi gücləndirib. “Axios”un məlumatına görə, Tehranın son təklifinin rədd edilməsinə baxmayaraq, Tramp danışıqların bu həftə bərpa olunacağına ümid edir.

“FED-in davam edən sərt ritorikası və neftin 100 dollardan yuxarı olması ‘ayı’ impulsunda əsas rol oynayır”, – “Westpac Banking Corp.”un istiqraz bazarı araşdırmaları üzrə rəhbəri Demien Makkalou bildirib.

Bununla yanaşı, ABŞ maliyyə naziri Skott Bessent süni intellektin yaratdığı məhsuldarlıq artımının və iqtisadiyyatın tənzimlənməsinin yumşaldılmasının inflyasiyanı nəzarətdə saxlamağa kömək edə biləcəyini deyib. O, FED rəhbərliyini faiz dərəcələri ilə bağlı qərarlarda “açıq fikirli” olmağa çağırıb.

Svop bazarlarında isə gələn il FED-in faiz dərəcələrini daha üç dəfə artıracağı, dördüncü artım ehtimalının da mövcud olduğu qiymətləndirilir.

İstiqraz bazarında gəlirlilik əyrisinin gələcəkdə inversiyaya keçməsi ilə bağlı narahatlıqlar da güclənir. FED-in faiz dərəcələrini ardıcıl şəkildə artırması investorların ABŞ iqtisadiyyatının yavaşlaması riskinə daha çox diqqət yetirməsinə səbəb olur.

10 illik və 2 illik ABŞ Xəzinə istiqrazlarının gəlirlilikləri arasındakı fərq ötən həftə 17 baza bəndinə qədər daralıb. Bu, 2025-ci ilin əvvəlindən bəri ən aşağı səviyyədir.

Gəlirlilik əyrisinin belə hamarlanması 10 illik istiqrazların gəlirliliyinin müəyyən mərhələdə qısamüddətli istiqrazların gəlirliliyindən aşağı düşməsi ehtimalını artırır. Bu vəziyyət maliyyə bazarlarında “gəlirlilik əyrisinin inversiyası” kimi tanınır və iqtisadi aktivliyin zəifləməsi ilə bağlı mühüm siqnallardan biri hesab olunur.

Hörmüz boğazı ətrafında baş verən hadisələr istiqraz bazarının qarşıdakı dinamikasında mühüm rol oynaya bilər. “The Wall Street Journal”ın məlumatına görə, vasitəçilər diplomatik danışıqların bərpasına nail olmaq və Trampın əsas prioritetlərindən biri hesab etdiyi məsələdə irəliləyiş əldə etmək üçün İrandan nüvə proqramı ilə bağlı güzəştlər almağa çalışırlar.

“TD Securities”in Sinqapurda Asiya-Sakit okean regionu üzrə baş faiz strateqi Praşant Nyunaha bildirib ki, Yaxın Şərqdəki vəziyyət, ehtimal ki, həftənin sonuna qədər bazarların diqqət mərkəzində qalacaq. Həmin dövrdə ABŞ-da PCE fərdi istehlak xərcləri indeksi, ISM göstəriciləri və məşğulluq bazarına dair məlumatların açıqlanması gözlənilir.