Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin iyul ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.
AQP-dən bildirilib ki, iyul ayında daşınmaz əmlak bazarında vahid qiymət dinamikası müşahidə olunmayıb. Qiymət və likvidlik göstəriciləri əmlakın təyinatı, yerləşdiyi ərazi, investisiya potensialı və sənədləşmə vəziyyətindən asılı olaraq dəyişib.
Hesabat dövründə ən yüksək qiymət artımı Bakı şəhərinin torpaq bazarında qeydə alınıb. Torpaq indeksi aylıq müqayisədə 4 faiz, 2025-ci ilin dekabr ayı ilə müqayisədə isə 22,8 faiz artaraq 122,8 bəndə çatıb.
Torpağın median qiyməti 16 371,5 manat/sot, orta qiyməti 18 817 manat/sot, orta çəkili qiyməti isə 12 276 manat/sot təşkil edib. Median satış müddəti 27,9 gün, orta satış müddəti 35,8 gün olub. İlkin elan qiyməti ilə faktiki sövdələşmə arasındakı indikativ diskont 10,6 faiz təşkil edib.
Yeni tikili mənzillər iyul ayında satış bazarının ən likvid seqmenti olaraq qalıb. Bu seqment üzrə AQP indeksi aylıq 1,7 faiz artaraq 106,5 bəndə yüksəlib. Baza dövrü ilə müqayisədə artım 6,5 faiz olub. Median qiymət 2 812,5 manat/m², orta qiymət 2 851 manat/m², orta çəkili qiymət isə 2 836 manat/m² təşkil edib.
Köhnə tikili mənzillərdə isə qiymətlər nisbətən sabit qalıb. AQP indeksi aylıq 0,2 faiz azalaraq 103,8 bəndə düşüb. Bununla belə, göstərici baza dövrü ilə müqayisədə 3,8 faiz yüksəkdir. Median qiymət 2 616,7 manat/m², orta qiymət 2 627,8 manat/m² olub. Median satış müddəti 26,1 gün, indikativ diskont isə 5,4 faiz təşkil edib.
Fərdi yaşayış evləri üzrə AQP indeksi iyulda aylıq 3,4 faiz azalaraq 101,1 bəndə düşüb. Median satış müddəti 33,9 gün, indikativ diskont isə 8,3 faiz olub.
Kommersiya obyektlərinin satış bazarında daha kəskin azalma qeydə alınıb. AQP Kommersiya İndeksi aylıq 7,5 faiz azalaraq 97,0 bənd təşkil edib. Median qiymət 2 828,6 manat/m², orta qiymət 3 048,7 manat/m², orta çəkili qiymət isə 2 220,8 manat/m² olub. İndikativ diskont 9,8 faizə yüksəlib.
Qaraj bazarında da qiymət korreksiyası müşahidə olunub. Bu seqment üzrə AQP indeksi aylıq 5,1 faiz azalaraq 105,0 bənd təşkil edib. İndikativ diskont 12,8 faizlə satış seqmentləri arasında ən yüksək göstərici olub.
İcarə bazarında da müxtəlif seqmentlər üzrə fərqli dinamika qeydə alınıb. Yeni tikili mənzillərin kirayə indeksi aylıq 3,2 faiz azalaraq 97,8 bəndə düşüb. Median icarə haqqı 10,59 manat/m² təşkil edib. Median icarəyəvermə müddəti 23,7 gün olub.
Fərdi yaşayış evlərinin kirayə indeksi 1,8 faiz azalsa da, 109,5 bənd səviyyəsində qalıb. Kommersiya obyektlərinin icarə indeksi isə 7,4 faiz azalaraq 97,1 bəndə enib. Bu seqmentdə median icarə haqqı 14,81 manat/m², median icarəyəvermə müddəti 11,3 gün, indikativ diskont isə 10,5 faiz olub.
AQP-nin qiymətləndirməsinə görə, iyul ayında daşınmaz əmlak bazarında əsasən seqmentlər üzrə fərqli qiymət və likvidlik dinamikası formalaşıb. Torpaq və yeni tikili mənzillər tələbin və kapital axınının daha güclü olduğu istiqamətlər kimi diqqət çəkib. Köhnə tikililərdə qiymət sabitliyi, kommersiya obyektləri və qarajlarda isə daha yüksək qiymət çevikliyi müşahidə olunub.
Palatanın proqnozlarına əsasən, növbəti aylarda torpaq və yeni tikili mənzillərdə qiymət artımının müəyyən qədər səngiməklə davam etməsi, köhnə tikililərdə isə qiymətlərin əsasən mövcud diapazonda qalması gözlənilir. Kommersiya və qaraj seqmentlərində qiymətlərin faktiki gəlirlilik göstəricilərinə daha həssas olacağı, fərdi yaşayış evlərinin kirayə bazarında isə yay mövsümünün başa çatması ilə təklif strukturunun dəyişəcəyi ehtimal edilir.
MONETAR.AZ