ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) neftin qiyməti ilə bağlı proqnozlarını yenidən artırıb. Qurum “Brent” markalı neftin 2026-cı ildə orta qiymətinin 98 dollar, 2027-ci ildə isə 84 dollar olacağını gözləyir.
Monetar.az xəbər verir ki, BEA 2026-cı il üzrə “Brent” proqnozunu əvvəlki qiymətləndirmə ilə müqayisədə 8% artırıb. Dördüncü rübdə isə orta qiymətin 105 dollar olacağı gözlənilir. Bu, əvvəlki proqnozdan 14 dollar çoxdur.
Proqnozun yüksəldilməsinə əsas səbəb qlobal neft ehtiyatlarının sürətlə azalması və dizel bazarında təklifin məhdudlaşmasıdır. Yaxın Şərqdə davam edən münaqişə fonunda Hörmüz boğazından neft daşımalarında yaranan problemlər də bazara təzyiq göstərir.
Müharibədən əvvəl dünya neft tədarükünün təxminən 20%-i Hörmüz boğazından keçirdi. Bununla yanaşı, region ölkələri alternativ marşrutlardan istifadə etməklə neft axınlarını qismən bərpa etməyə başlayıblar.
BEA ABŞ-da dizelin pərakəndə qiymətinin oktyabrda bir qallon üçün 6 dollardan yuxarı qalacağını, 2027-ci ildə isə orta hesabla təxminən 4,5 dollar olacağını proqnozlaşdırır.
Qurumun hesablamalarına görə, 2027-ci ildə neft hasilatı və ixracının bərpası fonunda “Brent”in orta qiyməti 84 dollar təşkil edəcək. Bu göstərici əvvəlki proqnozdan 10 dollar yüksəkdir.
Sentyabrda İran istisna olmaqla, Fars körfəzi ölkələrindən neft axınları müharibədən əvvəlki səviyyənin 81%-dən çoxuna çatıb. BEA alternativ marşrutların genişlənməsi ilə regionda neft hasilatının 2026-cı ilin dördüncü rübündə gündəlik 4,5 milyon barreldən 2027-ci ilin birinci rübündə 2,7 milyon barrelə qədər azalacağını gözləyir.