Renault Group elektromobil istehsalını genişləndirmək və daha əlçatan avtomobillər hazırlamaq məqsədilə qarşıdakı beş il ərzində Fransaya 10 milyard avrodan çox (11 milyard dollar) investisiya yatırmağı planlaşdırır.
Şirkətin baş icraçı direktoru Fransua Provo bildirib ki, yeni sərmayələr Fransada avtomobil istehsalının elektromobillərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərin davamı olacaq. Renault son beş ildə ölkədəki istehsal güclərinin transformasiyasına və elektromobil istehsalına keçidə 13 milyard avro yatırıb.
Provo France Inter radiosuna müsahibəsində qeyd edib ki, sosial və siyasi şərait imkan verdiyi halda şirkət növbəti beş ildə də elektromobil istiqamətinin inkişafına və avtomobillərin daha əlçatan olmasına sərmayə qoyacaq.
Sentyabr ayında Fransada yeni qeydiyyata alınan avtomobillərin 42 faizini elektromobillər təşkil edib. Bu, ölkədə rekord göstərici hesab olunur. Tələbatın artması İranda müharibənin başlamasından sonra yanacaq qiymətlərinin yüksəlməsi fonunda baş verib.
Renault-nun Fransadakı zavodlarında istehsal həcmi də əvvəlki illərlə müqayisədə artıb. Şirkət 2025-ci ildə ölkədə 500 min avtomobil istehsal edib.
Renault elektromobil istehsalının genişləndirilməsi hesabına 2026-cı ildə Fransadakı avtomobil istehsalını ən azı 25 faiz artırmağı planlaşdırır.
MONETAR.AZ