Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə 9 oktyabr 2026-cı il tarixində prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
İmtahanda iştirak etmək üçün 324 nəfər qeydiyyatdan keçib.
Test imtahanı DİM-in elektron imtahanlar korpusunda — Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında, TÜRKPA-nın yanında elektron formada təşkil olunacaq.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə əldə edə bilərlər.
İmtahana gələn namizəd şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni özü ilə gətirməlidir. Sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
İmtahan saat 10:00-da başlayacaq. İştirakçılar imtahanı başa çatdırdıqda və ya ayrılmış vaxt bitdikdə nəticələri ilə tanış ola biləcəklər. Nəticələr növbəti gün DİM-in rəsmi saytında da yerləşdiriləcək.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunub. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) ilə tanış olmaları zəruridir.