Dünyanın ən böyük müstəqil neft treyderi Vitol şirkətinin baş icraçı direktoru Rassell Hardi ABŞ və İsrailin İranla müharibəsi fonunda Qərb ölkələrinin istifadə edilə bilən neft ehtiyatlarının tükəndiyini bildirib.
Hardi Londonda keçirilən Energy Intelligence forumunda çıxışı zamanı yanacaq bazarında yaranan gərginliyin yaxın aylarda da davam edə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Qərb ölkələrinin bazara çıxara biləcəyi əlavə ehtiyat qalmayıb və mövcud ehtiyatlar artıq istifadə olunub.
Yanacaq bazarındakı təzyiq fonunda G7 ölkələri oktyabrın 2-də fövqəladə qərar qəbul edərək dörd ay ərzində ehtiyatlardan 100 milyon barel neft məhsulunun bazara çıxarılmasına razılaşıb.
Xarici KİV-lərin məlumatına görə, qərarın ABŞ-da keçiriləcək Konqres seçkiləri ərəfəsində yanacaq qiymətlərinin artımını məhdudlaşdırmaq istəyən Donald Trampın təzyiqi fonunda qəbul edildiyi bildirilir.
Avropa Komissiyası da enerji daşıyıcılarının bahalaşması səbəbindən Avropanı “çox çətin qış”ın gözləyə biləcəyi barədə xəbərdarlıq edib.
Bundan əlavə, Saudi Aramco qlobal neft ehtiyatlarının əvvəlki səviyyələrinə qaytarılmasının ən azı iki il çəkə biləcəyini açıqlayıb.
Beləliklə, neft ehtiyatlarının azalması, enerji qiymətlərinin yüksək səviyyədə qalması və geosiyasi risklər qış aylarında yanacaq bazarında təklif çatışmazlığı ilə bağlı narahatlıqları artırır.
MONETAR.AZ