Avropa İttifaqında enerji qiymətlərinin kəskin artması qış mövsümü ərəfəsində həm biznes, həm də ev təsərrüfatları üçün təzyiqi gücləndirib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen oktyabrın 6-da Avropa Parlamentində çıxışı zamanı bildirib ki, fevralın sonundan etibarən Aİ-də qazın qiyməti 140 faiz, dizel yanacağının qiyməti isə iki dəfə artıb.
Onun sözlərinə görə, ilin əvvəlindən etibarən qazıntı yanacağının idxalı Aİ üçün enerji daşıyıcılarının həcmi dəyişmədiyi halda təxminən 100 milyard avro əlavə xərc yaradıb.
Fon der Lyayen qeyd edib ki, bahalaşma iqtisadiyyatın müxtəlif sahələrinə və əhalinin büdcəsinə ciddi təzyiq göstərir. Qış yaxınlaşdıqca vəziyyətin daha da çətinləşə biləcəyi barədə xəbərdarlıq edən Komissiya sədri qaz tələbatının birləşdirilməsini və bir bazar operatoruna birgə satınalmalar həyata keçirmək səlahiyyətinin verilməsini təklif edib.
Bundan əvvəl "Politico" Avropa Komissiyasının enerji qiymətlərinin qarşısını almaq məqsədilə Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırdığını yazıb.
Oktyabrın 6-da səhər saatlarında Avropanın əsas qaz ticarət platforması olan TTF-də noyabr fyuçersləri təxminən 76 avro/MVt·saat səviyyəsində alınıb-satılıb.
Avropada enerji təhlükəsizliyi ilə bağlı narahatlığı artıran digər amil qaz anbarlarının doluluq səviyyəsidir. Oktyabrın 1-nə olan məlumata görə, Aİ-nin qaz anbarları təxminən 72 faiz dolu olub. Bu, 2011-ci ildən bəri istilik mövsümünün başlanğıcı üçün qeydə alınan ən aşağı göstəricidir.
Anbarlardakı aktiv qazın həcmi də ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 milyard kubmetr azdır.
Fon der Lyayen bildirib ki, Rusiyanın Aİ-nin qaz idxalındakı payı 45 faizdən 12 faizə qədər azalıb. Eyni zamanda, 2027-ci il yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına qadağa qüvvəyə minəcək.
Neft bazarında vəziyyətin də gərginləşdiyi bildirilir. Cenevrədə yerləşən dünyanın ən böyük müstəqil neft treyderi "Vitol"un rəhbəri Rassell Hardi İranla müharibənin Qərbdə neft ehtiyatlarını ciddi şəkildə azaltdığını açıqlayıb.
"Bloomberg"in məlumatına görə, Hardi Londonda keçirilən "Energy Intelligence" forumunda qış ərəfəsində yanacaq bazarlarında təklif çatışmazlığının davam edə biləcəyi barədə xəbərdarlıq edib.
"Vitol Group"un baş icraçı direktoru bildirib ki, Qərbdə istifadə üçün əlçatan ehtiyat demək olar ki, qalmayıb və mövcud ehtiyatlar artıq istifadə olunub.
Cümə günü G7 ölkələri və tərəfdaşları təcili neft ehtiyatlarından 100 milyon barelin bazara buraxılacağını açıqlayıb. Bundan əvvəl ABŞ administrasiyası Avropanı dizel yanacağının kəskin bahalaşmasının qarşısını almaq üçün daha fəal tədbirlər görməyə çağırmışdı.
Hardi ehtiyatların bazara çıxarılması ilə bağlı dəqiq mexanizmin hələ tam aydın olmadığını bildirib.
Onun açıqlamaları "Saudi Aramco"nun baş icraçı direktorunun dünyadakı təxminən 6 milyard barel neft ehtiyatının logistika ilə bağlı problemlər səbəbindən faktiki olaraq 10 faizdən də az hissəsinin əlçatan olduğu barədə xəbərdarlığından bir gün sonra səslənib.
Hardi qarşıdakı aylarda, xüsusilə qış dövründə neft məhsulları bazarında vəziyyətin yüksək gərginlikdə qalacağını proqnozlaşdırıb.
MONETAR.AZ