Qlobal neft tələbatının 2030-cu illərə qədər artacağı gözlənilir

Qlobal neft tələbatının 2030-cu illərə qədər

Qlobal neft tələbatının 2030-cu illərə qədər artmaqda davam edəcəyi gözlənilir. UBS-in tədqiqat hesabatına görə, inkişaf etməkdə olan ölkələrdə əhali artımı, urbanizasiya və həyat səviyyəsinin yüksəlməsi elektromobillərin yayılması və enerji səmərəliliyinin artması nəticəsində yanacaq istehlakında yaranan zəifləməni kompensasiya edəcək.

Hesabatda qeyd olunur ki, dünya iqtisadiyyatı neftdən yalnız nəqliyyat sektorunda deyil, müxtəlif sənaye sahələrində də geniş şəkildə asılı olaraq qalır. Neft məhsulları plastik, kimyəvi maddələr, sintetik liflər, əczaçılıq preparatları, qablaşdırma və bir sıra sənaye məhsullarının istehsalında əsas xammal mənbələrindən biridir.

UBS-in hesablamalarına əsasən, 2025-ci ildə qlobal neft istehlakı rekord həddə — gündəlik 105 milyon barelə çatıb. Bu, təxminən 17 milyard litr və dünya əhalisinin hər bir üzvünə gündə orta hesabla 2 litr neft istehlakı deməkdir.

Qlobal tələbatın yarıdan bir qədər çoxu nəqliyyat sektorunun payına düşür. Bunun içərisində minik avtomobilləri 27 faiz, yük avtomobil nəqliyyatı isə 18 faiz təşkil edir.

Digər nəqliyyat növlərinin qlobal neft tələbatındakı payı aviasiya üzrə 7 faiz, dəniz nəqliyyatı üzrə 4 faiz, dəmir yolu və çay nəqliyyatı üzrə isə 2 faizdir.

Neft-kimya sənayesinin payı 15 faiz, digər sənaye sahələrinin payı isə 13 faiz təşkil edir. Qalan istehlak mənzil-kommunal təsərrüfatı və elektroenergetika daxil olmaqla digər sahələrin payına düşür.

Hesabatda Hindistanın qlobal neft tələbatının artımında rolunun gücləndiyi vurğulanır. Ölkənin əlverişli demoqrafik göstəriciləri, iqtisadi artımı və adambaşına nisbətən aşağı neft istehlakı gələcəkdə tələbatın yüksəlməsi üçün geniş imkan yaradır.

Hazırda Hindistanda adambaşına gündəlik neft istehlakı təxminən 0,6 litr, Çində isə 1,9 litr təşkil edir. UBS hesab edir ki, Hindistanla yanaşı, İndoneziya, Pakistan və Nigeriyada gəlirlərin artması və urbanizasiyanın sürətlənməsi neft istehlakının yüksəlməsinə səbəb ola bilər.

UBS elektromobillərin yayılması və avtomobillərin yanacaq səmərəliliyinin yüksəlməsi fonunda benzin və dizelə tələbatın gələcəkdə azalacağını gözləyir. Analitiklərin fikrincə, avtomobil yanacağının istehlakı yaxın onillikdə pik həddə çata bilər.

Bununla belə, qlobal neft tələbatının artımının əsas hissəsinin avtomobil nəqliyyatından kənar sahələr hesabına formalaşacağı proqnozlaşdırılır. Burada xüsusilə neft-kimya sənayesində xammal kimi istifadə olunan nafta, mayeləşdirilmiş neft qazı (LPG) və etan, həmçinin aviasiya yanacağına tələbatın artması ön plana çıxır.

UBS həmçinin bildirir ki, neft istehlakının səviyyəsi ölkələrin iqtisadi və sənaye strukturundan asılı olaraq ciddi şəkildə fərqlənə bilər. Məsələn, Sinqapur iri dəniz yanacağı bunkeri və mühüm aviasiya habı olduğuna görə adambaşına düşən neft istehlakının yüksək olduğu ölkələrdən biridir.

MONETAR.AZ