Hindistan Mərkəzi Bankı əsas faiz dərəcəsini 5,5 faizə yüksəldib

Hindistan Mərkəzi Bankı əsas faiz dərəcəsini

Hindistan Ehtiyat Bankı pisləşən inflyasiya proqnozları və artan geosiyasi risklər fonunda əsas repo dərəcəsini 25 baza bəndi artıraraq 5,50 faizə yüksəldib.

Repo dərəcəsi əvvəlki 5,25 faizdən 5,50 faizə qaldırılıb. Qərar iqtisadçıların gözləntilərinə uyğun olub.

Hindistan Ehtiyat Bankının Pul-Kredit Siyasəti Komitəsi monetar siyasətin istiqamətini də dəyişib. Komitə üzvlərinin 4-ü qərarı dəstəkləyib, 2-si əleyhinə çıxıb. Bununla siyasət “neytral” rejimdən “kalibrlənmiş sərtləşdirmə” mərhələsinə keçirilib.

Bu dəyişiklik komitə üzvlərinin əksəriyyətinin gələcəkdə faiz dərəcələrinin yenidən artırılmasını mümkün hesab etdiyini göstərir.

Hindistan Ehtiyat Bankı faiz artımının əsas səbəbləri kimi mürəkkəb qlobal iqtisadi şəraiti, geosiyasi gərginlikləri və enerji daşıyıcılarının, xüsusilə neftin qiymətində artımı göstərib. Bu amillərin Hindistanda inflyasiya təzyiqlərini gücləndirdiyi bildirilir.

Hindistan Ehtiyat Bankı rəhbəri Sandjay Malxotra növbəti faiz artımlarının vaxtı və miqyasının inflyasiya və iqtisadi artım dinamikasından asılı olacağını deyib. O, Hindistan iqtisadiyyatının dayanıqlığını qoruduğunu, lakin inflyasiya mənzərəsinin əvvəlki illə müqayisədə dəyişdiyini vurğulayıb.

Capital Economics şirkətinin baş iqtisadçısı Abxidjit Surya isə Hindistan Ehtiyat Bankının açıqlamasındakı sərt tonun monetar siyasətin daha da sərtləşdirilə biləcəyinə işarə etdiyini bildirib.

Şirkət dekabr və fevral iclaslarında faiz dərəcəsinin daha 25 baza bəndi artırılacağını proqnozlaşdırır. Bu ssenari reallaşarsa, repo dərəcəsi 6 faizə yüksələ bilər. Bu göstərici bazarların 5,75 faizlik konsensus gözləntisini də üstələyəcək.

MONETAR.AZ