HSBC Holdings Böyük Britaniyadakı sərvət idarəçiliyi biznesində süni intellektdən daha geniş istifadə etməklə imkanlı müştərilərə xidmətin səmərəliliyini artırmaq məqsədilə kütləvi ixtisarlara hazırlaşır.
Financial Times qəzetinin məsələdən xəbərdar mənbələrə istinadən yaydığı məlumata görə, bankın idarəetmə və mütəxəssis vəzifələrinin təxminən 50 faizinin, maliyyə məsləhətçilərinin isə 70 faizə qədərinin ixtisar edilməsi planlaşdırılır.
Mənbələrdən biri nəzərdə tutulan dəyişikliklərin “dərin, genişmiqyaslı və amansız” xarakter daşıdığını bildirib.
Hazırda bank əməkdaşlarla planlaşdırılan dəyişikliklərlə bağlı məsləhətləşmələr aparır. İxtisarlardan təsirlənəcək işçilərin oktyabrın sonunda HSBC-dən ayrılacağı gözlənilir.
HSBC nümayəndələri bildiriblər ki, bank müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşmaq üçün daha çox rəqəmsal məhsul və xidmətlər təqdim etməklə Böyük Britaniyadakı sərvət idarəçiliyi biznesini inkişaf etdirməyə davam edir.
İxtisar planları CEO Georges Elhedery-nin süni intellekti bankın fəaliyyətinin sadələşdirilməsi və səmərəliliyin artırılması strategiyasının əsas elementlərindən birinə çevirməsi fonunda gündəmə gəlib.
Bu addım eyni zamanda HSBC-nin iki il əvvəl Böyük Britaniyada sərvət idarəçiliyi və fərdi bankçılıq əməliyyatlarını genişləndirmək üçün başladığı aktiv işə qəbul siyasətindən geri dönüş kimi qiymətləndirilir.
MONETAR.AZ