Çində kiçik və əsasən kənd banklarının birləşdirilməsi sürətlənib. 2025-ci ildə ölkədə 670 bank bağlanıb ki, bu da Çindəki bütün bankların təxminən dörddə birinə bərabərdir.
Monetar.az xəbər verir ki, Çin hökuməti bankların sayını azaltmaq və daha iri, dayanıqlı maliyyə qurumları yaratmaq məqsədilə birləşmə və ləğvetmə proseslərini sürətləndirib.
“Fitch Ratings” kiçik və kənd kommersiya banklarını Çinin bank sisteminin ən zəif halqalarından biri hesab edir. Xüsusilə iqtisadi cəhətdən zəif regionlarda bu banklarda aktivlərin keyfiyyəti, kapital təminatı və idarəetmə ilə bağlı problemlər daha qabarıqdır.
Məlumata görə, kənd banklarının aktivlər üzrə gəlirliliyi 2026-cı ilin ilk yarısında 0,45%-ə düşüb. 2021-ci ildə bu göstərici 0,56% təşkil edib. Problemli kreditlərin payı isə 2,8%-ə yüksəlib. Bank sektorunda orta göstərici 1,5% olub.
Kiçik banklar əsasən kiçik biznesə və tikinti şirkətlərinə kredit verir, həmçinin yerli hakimiyyətlərin maliyyə strukturları ilə daha sıx əlaqədədir.
“Fitch” hesab edir ki, bankların birləşdirilməsi onlara nəzarətin gücləndirilməsinə, tənzimləyici tələblərdən yayınma imkanlarının məhdudlaşdırılmasına və şəffaflığın artırılmasına kömək edə bilər.
Bununla belə, kiçik banklardakı problemlərin bütün Çin maliyyə sistemində genişmiqyaslı böhrana çevrilməsi ehtimalı aşağı qiymətləndirilir. Səbəb bu bankların əsasən ayrı-ayrı regionlarda fəaliyyət göstərməsi və digər banklarla əlaqələrinin məhdud olmasıdır.
Bank sektorunda yenidən təşkilatlanma Çində iqtisadi artımın zəiflədiyi bir dövrə təsadüf edir. “CNBC”nin məlumatına görə, ölkə iqtisadiyyatı ikinci rübdə illik ifadədə 4,3% böyüyüb. Bu, 2022-ci ildən bəri ən zəif rüblük artımdır.
Avqustda Çində sənaye müəssisələrinin mənfəəti isə 4,2% artıb. Bu da 2026-cı ildə qeydə alınan ən aşağı artım tempidir.