Texnologiya sektorunda fəaliyyət göstərən dünyanın ən varlı şəxslərinin sərvəti bu ilin ilk doqquz ayında rekord templə artıb.
“Bloomberg Billionaires Index”in məlumatına görə, sentyabrın 30-dək texnologiya sektorunu təmsil edən milyarderlərin ümumi sərvəti 845 milyard dollar artıb. Bu, indeks tarixində ilin ilk doqquz ayı üzrə qeydə alınan ən böyük artımdır.
Hazırda dünyanın ən varlı 500 nəfərinin yer aldığı siyahıda texnologiya sektorunu təmsil edən 100-ə yaxın milyarderin ümumi sərvəti 4,6 trilyon dollara çatıb. Bu məbləğ indeks iştirakçılarının ümumi sərvətinin 36%-nə bərabərdir. Halbuki texnologiya sahibkarları siyahının yalnız beşdə birini təşkil edir.
Sərvət artımının əsas hərəkətverici qüvvəsi süni intellekt bumunun yaratdığı investor marağı və xüsusilə ABŞ texnologiya şirkətlərinin səhmlərinin bahalaşması olub.
Texnologiya sektorundan kənarda sərvət qazanan milyarderlər isə eyni dövrdə ümumilikdə 62 milyard dollar itiriblər. İndeks üzrə ümumi sərvət artımının 94%-i amerikalı milyarderlərin payına düşüb.
Sentyabrın 10-dan etibarən dünyanın ən varlı 10 şəxsin hamısının ABŞ vətəndaşı olması da diqqət çəkir. “Bloomberg”in 2012-ci ildən apardığı müşahidələr ərzində ilk dəfə belə vəziyyət yaranıb.
Dünyanın ən varlı şəxsi İlon Mask sentyabrın yekunlarına görə sərvətini 310 milyard dollar artırıb. Bu məbləğ texnologiya milyarderlərinin ümumi sərvət artımının təxminən 40%-nə bərabərdir.
“SpaceX”in Maskın süni intellekt şirkəti “xAI” ilə birləşməsindən və iyun ayında birjaya çıxmasından sonra milyarder qısa müddət ərzində dünyanın ilk trilyonçusu olub.
“Dell Technologies” şirkətinin data mərkəzləri üçün avadanlıq biznesinin genişlənməsi isə Maykl Dellin sərvətini əhəmiyyətli dərəcədə artırıb. Onun sərvəti bu il 81% yüksələrək 254 milyard dollara çatıb.
“Meta Platforms”un səhmləri sentyabr ayında 27% bahalaşıb. Şirkətin yeni şəxsi süni intellekt köməkçisi “Muse”u təqdim etməsi fonunda Mark Zukerberqin sərvəti ilin əvvəlindən 23 milyard dollar artıb.
Bununla yanaşı, dünyanın ən varlı 500 nəfərinin ümumi sərvəti iyunun ortalarında 13,4 trilyon dollarla rekord həddə çatdıqdan sonra 6% azalaraq 12,6 trilyon dollara düşüb. Bu geriləmədə bazardakı ümumi zəifləmə və süni intellekt sektorunun bəzi iri şirkətlərinin maliyyə perspektivləri ilə bağlı artan narahatlıqlar rol oynayıb.
Süni intellekt sektorundakı sürətli inkişaf yeni milyarderlərin də siyahıya daxil olmasına səbəb olub.
“Anthropic”in yeddi həmtəsisçisinin hamısı şirkətin 965 milyard dollar dəyərində qiymətləndirildiyi maliyyələşmə raundunu başa çatdırmasından sonra iyun ayında dünyanın ən varlı şəxsləri sırasına daxil olub.
Siyahıya Çinin “MiniMax Group” şirkətinin təsisçisi Yan Cüntsze və “DeepSeek”in yaradıcısı Lyan Venfen də əlavə olunub.
Data mərkəzləri üçün server istiqamətləndiriciləri və kabel idarəetmə sistemləri istehsal edən Tayvanın “King Slide” şirkətinin təsisçisi Lin Çzunçinin sərvəti bu il 9,5 milyard dollara çatıb.
“Guangdong Dtech Technology” şirkətinin İdarə Heyətinin sədri Van Sin də milyarderlər indeksinə daxil olub. Süni intellekt sektorunun sürətli inkişafı onun şirkətinin çap lövhələrinin yığılmasında istifadə olunan xüsusi qazma avadanlıqlarına tələbatı artırıb.
“Samsung Electronics”in yaddaş çiplərinə tələbatın yüksəlməsi isə şirkətin əsas səhmdar ailəsinin iki varisi — Bu-cinh və So-hyönün sərvətinə müsbət təsir göstərib. “Samsung” səhmlərinin bahalaşması ailəyə şirkətin sabiq İdarə Heyəti sədri Li Qon-hinin 2020-ci ildə vəfatından sonra yaranan 8 milyard dollarlıq vərəsəlik vergisini ödəməyə imkan verib.
Milyarderlərin sərvətinin sürətli artımı ABŞ-da varlı şəxslərin vergiyə cəlb edilməsi məsələsini də yenidən gündəmə gətirib.
Noyabr ayında Kaliforniya sakinləri ştatda milyarderlər üçün sərvət vergisinin tətbiq edilməsi ilə bağlı səsvermədə iştirak edəcəklər. Vaşinqton, Nyu-York, İllinoys və Rod-Aylend ştatlarında da yüksək sərvətə malik rezidentlər üçün yeni vergi mexanizmlərinin tətbiqi müzakirə olunur.
“UBS Group”un baş investisiya ofisinin iqtisadçısı Ceyms Mazo hesab edir ki, sərvətin yenidən bölüşdürülməsi ilə bağlı müzakirələr fonunda ənənəvi biznes sahibləri ilə gənc texnologiya sahibkarlarının eyni milyarderlər siyahısında yer alması diqqətçəkən tendensiyadır.
Onun sözlərinə görə, əsas suallardan biri bu prosesin gələcəkdə sərvətin daha da cəmləşməsinə nə dərəcədə təsir göstərəcəyidir.
MONETAR.AZ