2026-cı ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub.
Monetar.az xəbər verir ki, vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 9,4%, büdcə proqnozu ilə müqayisədə isə 7,2% çox olub.
Əsas diqqətçəkən məqam daxilolmaların böyük hissəsinin qeyri-neft-qaz sektorunun hesabına formalaşmasıdır. Belə ki, 9 ay ərzində bu sektordan dövlət büdcəsinə 10 milyard 332,6 milyon manat vergi daxil olub. Bu, ümumi vergi daxilolmalarının təxminən 76%-nə bərabərdir.
Qeyri-neft-qaz sektorundan daxilolmalar illik müqayisədə 12,6%, proqnoza nisbətən isə 2,9% artıb. Başqa sözlə, ümumi vergi daxilolmalarındakı artımın əsas hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb.
Daha bir diqqətçəkən məqam isə sentyabr ayının nəticələridir. Dövlət Vergi Xidmətinin yanvar-avqust üzrə açıqladığı 12 milyard 619,1 milyon manatlıq göstərici ilə müqayisədə, sentyabr ayında büdcəyə təxminən 1 milyard 11,3 milyon manat vergi daxil olub. Qeyri-neft-qaz sektorunda isə sentyabr üzrə daxilolma təxminən 863,9 milyon manat təşkil edib.
Beləliklə, yanvar-sentyabr aylarında Dövlət Vergi Xidmətinin büdcə üzrə illik öhdəliyinin də böyük hissəsi artıq yerinə yetirilib. Xidmətin 2026-cı il üzrə büdcəyə 16,91 milyard manat vəsait köçürməsi nəzərdə tutulur. 9 ayın nəticəsinə əsasən bu hədəfin təxminən 80,6%-i icra edilib. İllik planın tam yerinə yetirilməsi üçün ilin son 3 ayında daha 3 milyard 279,6 milyon manat vergi daxilolması tələb olunur.