Dövlət Vergi Xidməti 9 ayda büdcəyə 13,6 milyard manat vergi ödəyib

Dövlət Vergi Xidməti 9 ayda büdcəyə 13,6 milyard manat

2026-cı ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub. Bu göstərici proqnozu 913,4 milyon manat üstələyib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332,6 milyon manat təşkil edib. Bu istiqamətdə büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. İllik müqayisədə qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.

Yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat olub. Proqnozdan əlavə 267,2 milyon manat vəsait toplanıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 3 milyard 401,6 milyon manatdan çox olub.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox təşkil edib. Bu göstərici üzrə proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatlarının payına düşən daxilolmalar 139,5 milyon manata yaxın olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 758,8 milyon manata yaxın təşkil edib. Bu istiqamətdə proqnozdan əlavə 18 milyon manat vəsait toplanıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın olub.