Övladlığa götürmə qaydalarında dəyişiklik edilib

Övladlığa götürmə qaydalarında

Valideyn himayəsindən məhrum olmuş uşaqların, o cümlədən Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydasında dəyişiklik edilib.

Monetar.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanış olması və ailə bağlarının formalaşdırılması məqsədilə görüşlər bir ay müddətində təşkil ediləcək. Görüşlər uşağın yerləşdirildiyi müəssisədə ay ərzində ən azı 20 saat olmaqla keçiriləcək.

Əvvəlki qaydalara əsasən isə bu müddət iki ay, görüşlərin minimum müddəti isə ayda 40 saat təşkil edirdi.

Dəyişikliklə 0–3 yaş arasında olan valideyn himayəsindən məhrum uşaqlara münasibətdə də müddətlər yenilənib. Belə ki, sosial işçinin hesabatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq müddəti 10 gün ərzində altı saata qədər qısalda biləcək.

Əvvəllər bu imkan 0–1 yaş arasında olan uşaqlara şamil edilirdi və Nazirlik sosial işçinin hesabatı əsasında müddəti 20 gün ərzində 12 saata qədər qısalda bilərdi.