41 torpaq sahəsi hərrac və müsabiqəyə çıxarılacaq

41 torpaq sahəsi hərrac və

Bu gün saat 15:00-da Azərbaycanda torpaq sahələrinin satışı və icarəyə verilməsi ilə bağlı hərrac və müsabiqələr keçiriləcək.

Monetar.az xəbər verir ki, ümumilikdə 41 torpaq sahəsi hərrac və müsabiqəyə çıxarılacaq. Torpaqlar Sumqayıt, Xızı, Siyəzən, Sabirabad, Neftçala, Yevlax, Ağdaş, Zərdab, Kürdəmir, Ucar, Göyçay, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Ağcabədi, Füzuli, Cəlilabad, Masallı, Qobustan, Şəki və Zaqatala rayonlarını əhatə edir.

Torpaq sahələrinin əksəriyyəti kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə veriləcək. Ən böyük sahələrdən biri Qobustan rayonunun Ərəbqədim kəndində yerləşir. 189 hektarlıq torpaq sahəsinin illik icarə haqqı 3 780 manat müəyyən edilib.

Ağstafa rayonunun Qırılı kəndində isə 55,6784 hektar və 10 hektar olmaqla iki torpaq sahəsi 15 il müddətinə icarəyə çıxarılıb. Onların illik icarə haqları müvafiq olaraq 4 465 və 800 manatdır.

Neftçala rayonunun Haqverdili kəndində 40,41 hektar torpağın illik icarə haqqı 4 041 manat, Yevlax rayonunun Qaraoğlan kəndində 23 hektar sahənin illik icarə haqqı isə 2 875 manatdır.

Hərraclarda ən aşağı illik icarə haqlarından biri Ucar rayonunun Qaradağlı kəndindəki 1,5 hektar torpaq sahəsi üzrə müəyyənləşdirilib – 165 manat.

Bundan başqa, Sumqayıt şəhərində 28 kvadratmetr torpaq sahəsi 5 il müddətinə illik 210 manat icarə haqqı ilə sahibkarlıq məqsədilə hərraca çıxarılıb. Sabirabad rayonunun Nizami kəndində isə hər biri 70 kvadratmetr olan iki torpaq sahəsi satışa çıxarılıb. Hər sahənin ilkin qiyməti 2 940 manatdır.

Şəmkir rayonunun Könüllü kəndində 100 hektar torpaq sahəsi isə satış məqsədilə müsabiqəyə çıxarılır. Sahənin ilkin qiyməti 20 min manatdır.