İlon Mask yenidən trilyonçu oldu – sərvəti 1 trilyon dolları keçdi

İlon Mask yenidən trilyonçu oldu –

İlon Maskın sərvəti 5 oktyabrda 65 milyard dollar artaraq yenidən 1 trilyon dolları ötüb. Bununla da “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri dünyanın ilk trilyonçusu statusunu yenidən əldə edib.

Monetar.az xəbər verir ki, “Mask ilk dəfə 2026-cı ilin iyununda “SpaceX”in ilkin kütləvi səhm təklifindən (IPO) sonra trilyonçu olmuşdu. Lakin şirkətin səhmlərinin sonradan ucuzlaşması nəticəsində onun sərvəti 1 trilyon dollardan aşağı düşmüşdü.

Maskın sərvətinin 98%-dən çoxu “SpaceX” və “Tesla”dakı paylarının dəyərindən formalaşır. Oktyabrın əvvəlindən “SpaceX”in səhmləri 13%, “Tesla”nın səhmləri isə 6,7% bahalaşıb.

“SpaceX”in səhmləri təkcə oktyabrın 5-də 7% yüksələrək IPO zamanı formalaşan səviyyəyə qayıdıb. Şirkətin kosmik proqramındakı son uğurlar da investorların marağını artırıb.

“Tesla”nın səhmlərinin bahalaşmasına isə üçüncü rübdə avtomobil tədarükünün gözləntiləri üstələməsi təsir edib. Şirkət 2026-cı ilin ilk 9 ayında 1 milyon 324 min 681 elektromobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

Üçüncü rübdə “Tesla”nın tədarükü 486 min 532 avtomobil təşkil edib. Analitiklərin orta proqnozu isə 456 min 896 avtomobil olub. Bunun ardınca şirkətin 2026-cı il üzrə tədarük proqnozu 1,65 milyondan 1,82 milyon avtomobilə yüksəldilib.

Maskın sərvətinin artımında onun ABŞ Prezidenti Donald Trampla münasibətləri də diqqət çəkən amillərdən biri kimi göstərilir. ABŞ hökumətinin federal müqavilələri “SpaceX” üçün mühüm gəlir mənbələrindən biridir.

Son günlər Maskın Tramp administrasiyasının süni intellektlə bağlı terminologiyasını dəstəkləməsi də diqqət çəkib. Bu amilin onun şirkətləri ilə ABŞ hökuməti arasındakı münasibətlərə necə təsir edəcəyi isə investorların diqqətindədir.