ABŞ iqtisadiyyatında artım dövrü 78 aya çatıb. Bu, 1854-cü ildən bəri ölkə tarixində altıncı ən uzun iqtisadi artım dövrüdür.
Monetar.az xəbər verir ki, “The Kobeissi Letter”in təhlilinə görə, ABŞ-da iqtisadi artım dövrünün uzunmüddətli orta göstəricisi 49 ay, medianı isə 38 aydır.
Ölkə tarixində resessiyasız ən uzun dövr 2009–2020-ci illərdə qeydə alınıb və 128 ay davam edib. Bu artım dövrü COVID-19 pandemiyasının yaratdığı böhranla başa çatıb.
Təhlildə ABŞ iqtisadiyyatının artımının uzanmasında monetar siyasət, yüksək büdcə kəsirləri və süni intellekt sahəsinə artan investisiyaların rol oynadığı bildirilir.
Əmək bazarında isə vəziyyət daha qarışıqdır. İşsizlik səviyyəsinin 5%-dən aşağı olduğu ardıcıl ayların sayı 1960-cı illərin ortalarındakı tarixi rekorda yaxınlaşır.
Sentyabrda ABŞ-da cəmi 29 min yeni iş yeri yaradılıb. Analitiklər isə bu göstəricinin təxminən 90 min olacağını gözləyirdilər. Son 12 ayda aylıq orta məşğulluq artımı 45 min təşkil edib.
Bundan başqa, iyul üzrə göstərici 21 minlik artımdan 10 minlik azalmaya, avqust göstəricisi isə 162 mindən 133 minə endirilib. İki ay üzrə düzəliş nəticəsində əvvəl açıqlanan rəqəmlər ümumilikdə 60 min iş yeri aşağı salınıb.
Sentyabrda ABŞ-da işsizlik səviyyəsi 4,1%-dən 4,2%-ə yüksəlib. Əmək bazarında iştirak səviyyəsi isə dəyişməyərək 61,8% olub.