Türkiyədə illik istehlak inflyasiyası sentyabr ayında 29,73%-ə düşüb. Aylıq inflyasiya isə 1,84% təşkil edib.
Monetar.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sentyabr ayı üzrə qiymət inkişaflarına dair hesabatına görə, illik inflyasiya əvvəlki ayla müqayisədə 1,78 faiz bəndi azalıb. Bank inflyasiyanın əsas meylinin də sentyabrda zəiflədiyini bildirib.
Sentyabrda ərzaq qiymətləri aylıq ifadədə 0,20% ucuzlaşıb. Təzə meyvə və tərəvəzlərin qiyməti isə 8,93% azalıb. Mərkəzi Bank bu azalmanı əlverişli təklif şərtləri ilə əlaqələndirib.
Enerji qiymətlərində isə əks istiqamətdə dəyişiklik qeydə alınıb. Yanacaq qiymətlərinin artması fonunda enerji məhsulları sentyabrda aylıq 6,25% bahalaşıb.
Yeni tədris ilinin başlaması da bəzi qiymətlərə təsir edib. Məktəb servisinin qiyməti aylıq 16,04%, yataqxana xərcləri isə 19,99% artıb.
Geyim və ayaqqabı qiymətlərində də artım qeydə alınıb. Bu qrup üzrə aylıq bahalaşma 4,01% təşkil edib.
İstehsalçı qiymətləri isə sentyabrda aylıq 2,07% artıb. İllik istehsalçı inflyasiyası 0,57 faiz bəndi azalaraq 27,38%-ə düşüb.