İraq 2027-ci il büdcəsində neftin qiymətini 58 dollar səviyyəsində nəzərdə tutub

İraq 2027-ci il büdcəsində neftin qiymətini 58 dollar səviyyəsində

İraq hökuməti 2027-ci il üçün dövlət büdcəsi layihəsində xam neftin orta qiymətini bir barel üçün 58 dollar səviyyəsində müəyyənləşdirib.

"Reuters"in İraq parlamentindəki mənbəyə istinadən yaydığı məlumata görə, gələn il üçün büdcə xərclərinin ümumi həcmi 217 trilyon İraq dinarı və ya təxminən 166 milyard dollar təşkil edəcək.

Layihədə dövlət büdcəsinin 40 trilyon dinardan çox kəsirlə icra olunması nəzərdə tutulur.

İraq parlamentinin Maliyyə Komitəsinin dörd üzvünün bildirdiyinə görə, büdcə layihəsində Kürdüstan regionundan həyata keçirilən tədarüklər də daxil olmaqla, sutkada təxminən 4 milyon barel xam neftin ixracı planlaşdırılır.

Neft satışından əldə olunan gəlirlər İraq dövlət büdcəsinin əsas gəlir mənbəyidir. Buna görə də neftin qiyməti və ixrac həcmləri ölkənin maliyyə göstəriciləri baxımından xüsusi əhəmiyyət daşıyır.

İraq hökuməti milli valyutanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini də dəyişdirməyi nəzərdən keçirir.

Hazırda təxminən 1 300 dinar təşkil edən 1 dolların rəsmi məzənnəsinin 1 400–1 500 dinar səviyyəsinə çatdırılması, yəni dinarın devalvasiyası müzakirə olunur.

İraqın neft gəlirlərinə təsir edə biləcək əsas amillərdən biri də regionda yaranan logistika çətinlikləridir.

İranla müharibə və Hörmüz boğazında dəniz daşımalarının pozulması nəticəsində İraqın Fars körfəzi üzərindən neft ixracı ilə bağlı problemlər yaranıb. Bu vəziyyət ölkəni neftin daşınması üçün alternativ marşrut və üsullar axtarmağa vadar edib.

MONETAR.AZ