Lixtenşteyn 2026-cı ildə adambaşına düşən ÜDM göstəricisinə görə dünyanın ən varlı ölkəsi olaraq qalır. Ölkədə bu göstəricinin 195 372 dollara çatacağı proqnozlaşdırılır.
Monetar.az Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozları əsasında 2006, 2016 və 2026-cı illərdə ölkələrin adambaşına düşən ÜDM göstəricilərini müqayisə edib. Hesablamalar alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla aparılıb.
2026-cı il üzrə reytinqdə Sinqapur 173 708 dollarla ikinci, İrlandiya 159 129 dollarla üçüncü, Lüksemburq 156 719 dollarla dördüncü yerdədir. Makao 140 423 dollarla beşinci, Norveç 115 548 dollarla altıncı, Qətər 112 312 dollarla yeddinci sıradadır.
İlk 10-luqda İsveçrə 105 680, Tayvan (Çin) 98 051 və Bruney 97 858 dollar göstəricisi ilə yer alıb. ABŞ 94 430 dollarla 12-ci, Birləşmiş Ərəb Əmirlikləri 87 774 dollarla 14-cü, Səudiyyə Ərəbistanı isə 78 815 dollarla 20-ci yerdə qərarlaşıb.
Cənubi Amerikada Qayana diqqət çəkir. Neft hasilatının 2019-cu ilin sonunda başlamasından sonra ölkənin iqtisadi göstəriciləri sürətlə yüksəlib. 2026-cı ildə Qayananın adambaşına düşən ÜDM-nin 95 477 dollar olacağı proqnozlaşdırılır. Bu göstərici ölkəni Qərb yarımkürəsində ABŞ da daxil olmaqla bütün digər ölkələri qabaqlayan mövqeyə çıxarır.
2006-cı ildə isə reytinqə yenə Lixtenşteyn başçılıq edib. Həmin vaxt ölkədə adambaşına düşən ÜDM 112 499 dollar olub. Lüksemburq 96 014, Qətər 86 252, BƏƏ 74 230, Makao 69 437 dollarla ilk beşlikdə yer alıb.
Sinqapurun mövqeyinin yüksəlməsində elektronika, yarımkeçiricilər və əczaçılıq sənayesinin inkişafı, İrlandiyada isə çoxmillətli şirkətlərin iqtisadiyyatda böyük payı əsas amillərdən biri kimi göstərilir.