Kriptovalyuta bazarı bugün növbəti geosiyasi sınaqla üz-üzə qalıb. ABŞ və İran arasında hərbi gərginliyin Hörmüz boğazı ətrafında kəskinləşməsi (ABŞ hərbi helikopterinin vurulması və ardınca CENTCOM-un cavab zərbələri) qlobal maliyyə bazarlarında riskdən qaçış rejimini gücləndirib. Nəticədə aparıcı kriptovalyuta olan Bitcoin (BTC) son qısamüddətli yüksəlişini sürətlə itirərək Bakı vaxtı ilə səhər saatlarında 3% itki ilə 61 375,5 dollar səviyyəsinə enib və gün ərzində 61 min dollar sərhədinə qədər sıxılıb.
Həftənin ilk günlərində bazarda müşahidə olunan optimist dalğanın əsas drayveri dünyanın ən böyük korporativ Bitcoin investoru olan Strategy Inc. (MicroStrategy) şirkətinin yeni aktiv alışı olmuşdu.
Şirkət iyunun əvvəlində 181 milyon dollarlıq səhm satışı həyata keçirərək, bu vəsaitin 101,3 milyon dolları ilə 1 550 ədəd əlavə Bitcoin aldığını bəyan etmişdi. Bu satınalma fonunda BTC qiyməti müvəqqəti olaraq 59 000 dollarlıq "qanlı" zonadan 63 000 dolların üzərinə sıçrasa da, Yaxın Şərqdən gələn müharibə xəbərləri bu artım trendini tamamilə sıfırlayıb.
Analitiklərin fikrincə, kripto bazarda formalaşan cari mənzərə iki əsas qlobal faktorun təzyiqi altındadır:
-
ETF-lərdən vəsait çıxışının yavaşlaması (Müsbət siqnal): Son üç həftə ərzində ABŞ-ın spot Bitcoin ETF-lərindən qeydə alınan irihəcmli kapital axını qismən səngiyib. Bu, institusional investorların cari qiymət diapazonunu nisbətən sabit qəbul etdiyini göstərir.
-
FED-in faiz qorxusu və Striming resursları: Müharibənin gətirdiyi neft və inflyasiya riskləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyun ayında faiz endirimi ehtimalını sıfıra endirib, hətta sentyabr ayında növbəti faiz artımı ssenarilərini gündəmə gətirib. Faizlərin uzun müddət yüksək qalacağı qorxusu investorları Bitcoin kimi riskli aktivlərdən çıxararaq ABŞ istiqrazlarına və nağd dollara yönəldir.
Analitiklər vurğulayırlar ki, Yaxın Şərqdə regional atəşkəs ümidlərinin qırılması və Hörmüz boğazındakı blokada qorxusu neft qiymətlərini stimullaşdırdıqca, rəqəmsal aktivlər qısamüddətli perspektivdə təzyiq altında qalmağa davam edəcək. Bitcoin-in 60 000 dollar səviyyəsini qoruyub saxlaya bilməsi yaxın günlərdəki makroiqtisadi hesabatlardan asılı olacaq.
MONETAR.AZ