Dünya ərzaq qiymətləri son üç ilin maksimumuna yüksəlib

Dünya ərzaq qiymətləri son üç ilin maksimumuna

Dünya ərzaq qiymətləri apreldə son üç ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb. “Reuters”in BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən yaydığı məlumata görə, məhsul inflyasiyasının əsas səbəbi İranla bağlı müharibə və Hörmüz boğazının blokadası fonunda bitki yağlarının kəskin bahalaşması olub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı-nun beynəlxalq ərzaq xammalı qiymətlərini izləyən indeksinə əsasən, göstərici apreldə ardıcıl üçüncü ay artaraq orta hesabla 130,7 bəndə çatıb. Bu, mart ayı ilə müqayisədə 1,6% çoxdur və 2023-cü ilin fevralından bəri ən yüksək göstərici hesab olunur.

FAO-nun baş iqtisadçısı Maksimo Torero geosiyasi gərginliyin ərzaq bazarına təsir mexanizmini izah edib. Onun sözlərinə görə, enerji daşıyıcılarının rekord qiymətləri ölkələri bioyanacağa keçidi sürətləndirməyə məcbur edib. Nəticədə böyük həcmdə üzvi xammal, xüsusilə yağlı bitkilər ərzaq bazarı əvəzinə avtomobillər üçün yanacaq istehsalına yönəldilir.

Bu səbəbdən FAO-nun bitki yağları qiymət indeksi apreldə mart ayı ilə müqayisədə 5,9% artaraq 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə yüksəlib. Soya, günəbaxan, raps və palma yağları daxil olmaqla bütün əsas kateqoriyalar bahalaşıb.

Ət qiymətləri də rekord yeniləyib. Apreldə qiymətlər 1,2% artaraq tarixi maksimuma çatıb. Buna səbəb Braziliyada kəsim üçün hazır iri buynuzlu mal-qaranın çatışmazlığı göstərilir.

Müharibə fonunda logistika problemlərinə və təchizat zəncirlərindəki pozuntulara baxmayaraq, qlobal aqroərzaq sistemlərinin dayanıqlılığını qoruduğu bildirilir.

Taxıl qiymətləri isə daha məhdud artım göstərib. Apreldə taxıl qiymət indeksi cəmi 0,8% yüksəlib. Toreronun sözlərinə görə, bu artım əsasən hava şəraiti ilə bağlı problemlər, gübrələrin bahalaşması və bioyanacaq sektorundan gələn tələbatla əlaqədardır. Bununla belə, əvvəlki məhsuldar mövsümlərdən qalan kifayət qədər ehtiyatlar taxıl bazarında daha ciddi qiymət sıçrayışının qarşısını alıb.

MONETAR.AZ