Bloombergin Silver Institute-ə istinadən verdiyi məlumata görə, qlobal Gümüş bazarı yüksək külçə və sikkə tələbi, eləcə də təklifin azalması fonunda artıq altı ildir defisit vəziyyətindədir.
Sahə üzrə qurumun illik proqnozuna əsasən, 2026-cı ildə defisit 15% artaraq 46,3 milyon troy unsiyaya çatacaq.
Hesabatda bildirilir ki, külçə və sikkələrə tələbat 18% artsa da, ümumi istehlakın 2% azalacağı gözlənilir. Bu eniş əsasən sənaye istifadəsində, fotoqrafiya sahəsində, zərgərlikdə və gümüş məmulatların istehsalında zəifləmə ilə bağlıdır.
Təklifin isə bu il təxminən 2% azalacağı, əsas səbəbin hasilatın bir qədər aşağı düşməsi və istehsalçıların hedcləmə (riskdən qorunma) fəaliyyətlərinin zəifləməsi olduğu qeyd edilir. Bununla yanaşı, təkrar emal həcmlərinin 7% artması itkini qismən kompensasiya edəcək.
Gümüş qiymətlərinin qısamüddətli perspektivi İranda müharibə səbəbindən qeyri-müəyyən qalsa da, Silver Institute 2026-cı ilin sonuna qədər bazar üçün müsbət gözləntilərini saxlayır.
Qurum hesab edir ki, Yaxın Şərqdəki münaqişə nəzarətdə saxlanacaq və enerji qiymətlərinin yaratdığı inflyasiyanı cilovlamaq üçün sərtləşən pul siyasəti müvəqqəti xarakter daşıyacaq. Hətta müharibə uzansa belə, investorların iqtisadi artım narahatlığı istiqraz gəlirliliyini azalda bilər ki, bu da qızıl və Gümüş kimi qiymətli metallara dəstək verəcək.
Ekspertlərin fikrincə, riskdən qaçınma aktivlərinə tələbin yenidən artması fonunda həm qızıl, həm də Gümüş bazarında maraq yenidən güclənə bilər.
MONETAR.AZ