Yaxın Şərqdə alovlanan yeni hərbi toqquşmalar qlobal maliyyə bazarlarında risk iştahasını kəskin azaldıb. ABŞ və İran silahlı qüvvələri arasında baş verən son gərginlik fonunda qırmızı metal — misin qiyməti son üç həftənin ən aşağı həddinə geriləyib. Bloomberg agentliyinin təhlilinə görə, bu hərbi eskalasiya qlobal inflyasiyanın yenidən sürətlənəcəyi, faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağı və nəticədə qlobal iqtisadi artımın zəifləyəcəyi ilə bağlı narahatlıqları pik həddə çatdırıb.
Bölgədəki hərbi zəncir iqtisadi göstəricilərə birbaşa təsir edir.
London Metal Birjasında misin qiyməti Şanxay vaxtı ilə saat 11:40-a olan məlumata görə 0,6% azalaraq bir ton üçün 13 431 dollara düşüb. Daha əvvəl qiymət 13 378 dollara qədər geriləyərək mayın 20-dən bəri ən aşağı səviyyəni görüb.
Everbright Futures Co. şirkətinin aparıcı analitiki Çjan Dapenq bildirir ki, hərbi qarşıdurmanın coğrafiyasının genişlənməsi sənaye metalları üçün ən böyük riskdir. Çünki mis və digər əsas metallar qlobal tikinti və texnoloji istehsalatın əsas xammalıdır; iqtisadi durğunluq qorxusu birbaşa bu metallara olan tələbi baltalayır.
Münaqişə zonasında silahsızlaşma və ya atəşkəs əldə olunmayana, həmçinin FED-in pul-kredit siyasətinə dair daxili qeyri-müəyyənlik aradan qalxmayana qədər, mis və digər sənaye xammallarının birja qiymətlərində yüksək volatilliyin (kəskin dalğalanmaların) davam edəcəyi proqnozlaşdırılır.
MONETAR.AZ