"Counterpoint Research" analitik şirkətinin ilkin qiymətləndirmələrinə əsasən, bu ilin ikinci rübündə qlobal smartfon tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalaraq 2013-cü ildən bəri ikinci rüblər üzrə ən aşağı səviyyəyə enib. Analitiklər bunu yaddaş çiplərinin qıtlığı, istehsal xərclərinin artması və istehlakçı tələbinin zəifləməsi ilə əlaqələndirirlər.
Hesabata görə, "Apple" ikinci rübdə tədarük həcmini 3% artıraraq qlobal smartfon bazarında rekord 20%-lik pay əldə edib. Şirkət qiymətləri sabit saxlamaqla premium "iPhone" modellərinə olan tələbatı qoruyub. Bununla belə, analitiklər yaxın aylarda cihaz qiymətlərinin artacağını istisna etmirlər.
Məlumata görə, istehsalçıların süni intellektlə işləyən məlumat mərkəzləri üçün komponent tədarükünə üstünlük verməsi yaddaş çiplərinin qiymətlərini yüksəldib. Nəticədə smartfon istehsalçılarının komponent xərcləri artıb və bu xərc son istehlakçılara ötürülüb. Xüsusilə büdcə və orta qiymət seqmentində fəaliyyət göstərən istehsalçılar bundan daha çox zərər görüblər.
Eyni zamanda, "Samsung" 24%-lik bazar payı ilə yenidən dünya liderliyini bərpa edib. Şirkətin uğurunda "Galaxy S26" flaqman seriyasının yüksək satışları, məhsul təminatının yaxşılaşması, eləcə də Hindistan və Yaxın Şərq bazarlarında qiymət artımlarının nisbətən məhdud qalması mühüm rol oynayıb.
Hesabata əsasən, ilk beşlikdə yer alan istehsalçılar arasında ən böyük tədarük azalması "Xiaomi", "Oppo" və "Vivo" şirkətlərində qeydə alınıb. Analitiklər bunu həmin brendlərin əsasən büdcə və orta qiymət seqmentinə fokuslanması ilə izah edirlər.
"Counterpoint Research" ilin yekunları üzrə qlobal smartfon tədarükünün təxminən 14% azalacağına dair proqnozunu qüvvədə saxlayıb. Şirkətin qiymətləndirməsinə görə, yaddaş çiplərinin qlobal qıtlığı 2027-ci ilə qədər davam edə bilər.
MONETAR.AZ