Süd məhsulları və yumurta 1 ildə 9,7 faiz bahalaşıb

Süd məhsulları və yumurta 1 ildə

Azərbaycanda ərzaq məhsullarının qiymət artımı açıqlanıb. 

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında süd və süd məhsulları, eləcə də yumurta üzrə qiymət indeksi ötən ilin müvafiq dövrünə nisbətən 109,7 faiz təşkil edib. Bu, qiymətlərin 9,7 faiz artması deməkdir.

Eyni dövrdə meyvələrin qiyməti 9,5 faiz, balıq və balıq məhsullarının qiyməti 8,3 faiz, ət və ət məhsullarının qiyməti isə 8 faiz yüksəlib.

Qənd, cem, bal, şokolad və konfetlərin qiymətində 6 faiz, kərə və bitki yağlarında 5,7 faiz, tərəvəzlərdə isə 4,9 faiz artım qeydə alınıb.

Çörək, çörək məmulatları və yarmaların qiyməti 2,4 faiz bahalaşıb.

Qeyd edək ki, qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət indeksi yanvar-sentyabr aylarında 106,9 faiz təşkil edib.