24 oktyabr – Birləşmiş Millətlər Təşkilatı Günüdür

24 oktyabr – Birləşmiş Millətlər Təşkilatı

Bu gün, oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasının 81-ci ildönümü qeyd olunur. 1945-ci il oktyabrın 24-də BMT Nizamnaməsi qüvvəyə minib və bununla da təşkilatın fəaliyyəti rəsmən başlayıb.

BMT Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransiskoda keçirilən beynəlxalq konfrans çərçivəsində imzalanıb. Sənəd Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, ABŞ və digər dövlətlər tərəfindən imzalanıb.

“Birləşmiş Millətlər” adını təşkilata ABŞ Prezidenti Franklin Ruzvelt təklif edib. Bu ad ilk dəfə 1942-ci il yanvarın 1-də imzalanmış Birləşmiş Millətlər Bəyannaməsində rəsmiləşdirilib. Həmin sənədlə 26 dövlət faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyi götürüb.

1948-ci ildən etibarən oktyabrın 24-ü BMT Günü kimi qeyd olunur. Bu tarix münasibətilə dünyanın müxtəlif ölkələrində təşkilatın məqsədlərinə və fəaliyyətinə həsr olunmuş tədbirlər, müzakirələr və sərgilər keçirilir. 1971-ci ildə BMT Baş Assambleyası üzv dövlətlərə bu günün rəsmi bayram kimi qeyd olunmasını tövsiyə edib.

Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi təşkilatın fəaliyyətində mühüm yer tutur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan 1991-ci il oktyabrın 29-da BMT-yə üzv olmaq məqsədilə təşkilatın Baş Assambleyasına və dünya dövlətlərinə müraciət edib.

BMT Baş Assambleyasının 1992-ci il martın 2-də keçirilən iclasında Azərbaycanın təşkilata üzv qəbul olunması barədə qərar verilib. Bununla da Azərbaycan BMT-nin 181-ci üzvü olub və ölkənin dövlət bayrağı təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında qaldırılıb.

1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Həmin ilin noyabrında isə təşkilatın Azərbaycandakı daimi nümayəndəliyi açılıb. Bu addımlar ölkəmizlə BMT arasında siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradıb.

Azərbaycanın BMT-yə üzvlüyü ölkəmizin üzləşdiyi münaqişənin beynəlxalq səviyyədə müzakirəsində də mühüm rol oynayıb. 1992–1993-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərinə toxunulub. Sənədlərdə hərbi əməliyyatların dayandırılması, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və münaqişənin danışıqlar yolu ilə həlli ilə bağlı tələblər əksini tapıb.

2011-ci il oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyib. Bu hadisə ölkənin diplomatik tarixində mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilir.

Prezident İlham Əliyev həmin vaxt bu hadisəni Azərbaycan xalqının və dövlətinin qələbəsi, ölkənin həyata keçirdiyi siyasətin uğuru kimi dəyərləndirib.

Azərbaycan 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərib. Bu müddətdə ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin qorunması, münaqişələrin həlli və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələrdə iştirak edib.

2012-ci il mayın 4-də Prezident İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli iclası keçirilib.

2013-cü ilin oktyabrında Azərbaycanın Şuraya ikinci sədrliyi dövründə isə ölkənin təşəbbüsü ilə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi mövzusunda yüksək səviyyəli iclas təşkil olunub.

Azərbaycanın sədrliyi müddətində Afrika, Yaxın Şərq və digər regionlarda mövcud münaqişələr, humanitar vəziyyət və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib, müxtəlif qətnamə və bəyanatlar qəbul olunub.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında, davamlı inkişafın təmin edilməsində və demokratikləşmə prosesində BMT-nin rolunu vacib hesab edir.

Rəsmi Bakı eyni zamanda təşkilatın müasir dövrün qlobal çağırışlarına daha effektiv cavab verməsi üçün onun çərçivəsində islahatların aparılmasını dəstəkləyir.

BMT Gününün qeyd olunması beynəlxalq əməkdaşlığın, sülhün, təhlükəsizliyin və dövlətlər arasında dialoqun əhəmiyyətini bir daha ön plana çıxarır.

MONETAR.AZ