2026-cı ilin ilk 5 ayına dair hesablamalar göstərir ki, Azərbaycanda ümumi 151 gündən 52-si qeyri-iş gününə təsadüf edir. Bu isə təxminən 34 faiz deməkdir. Sadə dillə desək, ilin bu dövründə orta hesabla hər üç gündən biri iş günü deyil.
Daha dar dövrə baxdıqda mənzərə daha da kəskinləşir. Mart və may aylarını əhatə edən 62 günün 29-u qeyri-iş günü olub ki, bu da təxminən 47 faiz göstərici deməkdir. Yəni həmin dövrdə orta hesabla hər 2.1 gündən biri iş günü olmayıb.
Bu rəqəmlər iqtisadi baxımdan xüsusilə sahibkarlıq və biznes idarəçiliyi üçün əhəmiyyətli nəticələr yaradır. Çünki biznesin əsas idarəetmə məntiqi fasiləsiz axın, sabitlik və proqnozlaşdırıla bilən əməliyyat dövrü üzərində qurulur. Ardıcıl və sıx tətil dövrləri isə həm istehsal, həm xidmət, həm də logistik planlamada ciddi qeyri-sabitlik yaradır.
Xüsusilə ixrac yönümlü və ya xarici tərəfdaşlarla işləyən bizneslər üçün bu faktor daha da kritikdir. Çünki qlobal bazarlarda iş rejimi fasiləsiz və fərqli təqvimlər üzərində qurulduğu üçün “bir tərəfdə iş günü, digər tərəfdə qeyri-iş günü” situasiyası əməliyyat zəncirində gecikmələr və əlavə xərclər yarada bilir.
Digər tərəfdən, geniş ictimai müzakirələrdə tez-tez səsləndirilən “tətil günləri istehlakı artırır və iqtisadiyyata müsbət təsir edir” arqumenti hər zaman tam iqtisadi reallığı əks etdirmir. İstehlakın artması yalnız gəlir yaradan aktiv iqtisadi fəaliyyətlə dəstəkləndiyi halda davamlı ola bilər. Yəni istehlak xərclənən deyil, əvvəlcə qazanılan gəlirin nəticəsidir.
Son illərdə əmək və istirahət balansının optimallaşdırılması istiqamətində müəyyən müsbət addımlar atılsa da, bu göstəricilər əmək məhsuldarlığı, biznes planlama və iqtisadi səmərəlilik baxımından hələ də müzakirə mövzusu olaraq qalır.
Ümumi nəticə ondan ibarətdir ki, qeyri-iş günlərinin yüksək payı qısa müddətdə sosial rahatlıq yaratsa da, orta və uzunmüddətli dövrdə xüsusilə sahibkarlıq mühitində planlama, məhsuldarlıq və beynəlxalq inteqrasiya baxımından əlavə çağırışlar formalaşdırır.
MONETAR.AZ