Qeyri-dövlət ixracatçılarının reytinqinə mədən şirkəti başçılıq edir

Qeyri-dövlət ixracatçılarının reytinqinə

2026-cı ilin yanvar-aprel ayları üzrə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb.

“İxrac icmalı”nda yer alan məlumata görə, reytinqə "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin (AIMKL) Azərbaycan Respublikasındakı nümayəndəliyi liderlik edir. Şirkətin qeyri-neft ixracı 121,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 27,9 milyon ABŞ dolları ilə müqayisədə 4 dəfədən çox artım deməkdir.

Reytinqdə ikinci yerdə 64,3 milyon ABŞ dolları ixrac göstəricisi ilə "Prime Cotton" MMC qərarlaşıb. Şirkət ötən ilin müvafiq dövründə 39,4 milyon ABŞ dollarlıq ixrac həyata keçirmişdi.

İlk üçlüyü isə 37,3 milyon ABŞ dolları ilə "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC tamamlayır. Şirkətin ixracı bir il ərzində 9,2 milyon dollardan 37,3 milyon dollara yüksəlib.

Siyahıda növbəti yerləri 29 milyon ABŞ dolları ilə "AGRARCO" MMC, 28,8 milyon ABŞ dolları ilə "Baku Steel Company" QSC, 18,9 milyon ABŞ dolları ilə "P-AQRO" MMC tutur.

İlk onluqda həmçinin "TABATERRA" MMC (15,1 milyon ABŞ dolları), "PRIME LM" MMC (12,8 milyon ABŞ dolları), "KHAN-EL" MMC (11,8 milyon ABŞ dolları) və "MORS TRADİNG" MMC (10,8 milyon ABŞ dolları) yer alıb.

MONETAR.AZ