Danimarka sakinləri ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı siyasətinə etiraz olaraq ABŞ-da istehsal olunan məhsulları kütləvi şəkildə almaqdan imtina etməyə başlayıblar.
Bloomberg-in məlumatına görə, yerli əhali mağaza rəflərində Amerika mənşəli məhsulları müəyyən etməyə imkan verən UdenUSA (“ABŞ-sız”) və Made O’Meter adlı mobil tətbiqlərdən fəal şəkildə istifadə edir.
Bildirilir ki, UdenUSA tətbiqi Danimarka App Store-da pulsuz proqramlar siyahısında birinci yerə yüksəlib. Tətbiq məhsulların ştrix-kodunu skan edərək istehsal olunduğu ölkəni göstərir. Əgər məhsul ABŞ-da istehsal olunubsa, o, qırmızı rənglə işarələnir.
Xidmət 21 yaşlı Yonas Pipper tərəfindən məktəb yoldaşı ilə birlikdə hazırlanıb. Pipper tətbiqi “istehlakçılar uğrunda ticarət müharibəsində silah” adlandırıb. Onun sözlərinə görə, xidmət bir neçə dildə mövcuddur və yaxın vaxtlarda Android versiyası da istifadəyə veriləcək.