İnvestisiya zamanı ən çox buraxılan səhvlərdən biri seçilmiş bir aktivə davamlı şəkildə əlavə vəsait yönəltməkdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu yanaşma riskin azalmasına deyil, əksinə, onun bir nöqtədə cəmlənməsinə səbəb olur.
“Əgər investor əvvəlcədən müəyyən etdiyi bir aktivin portfeldə payını, məsələn, 5 faiz kimi planlaşdırıbsa, lakin sonradan həmin aktivə davamlı olaraq əlavə alışlar edərsə, bir müddət sonra bu pay 15 faizə və daha yuxarı qalxa bilər. Bu halda portfelin ümumi gəlirliliyi bir şirkətin nəticələrindən həddindən artıq asılı vəziyyətə düşür”, — deyə maliyyə mütəxəssisləri bildirirlər.
Ekspertlərin fikrincə, belə vəziyyət portfelin diversifikasiyasını zəiflədir və bazardakı mənfi dəyişikliklər zamanı itkilərin artmasına yol açır. Bir aktiv üzrə risk reallaşdıqda, bu, bütün portfelə ciddi təsir göstərə bilər.
Mütəxəssislər investorlara tək bir səhmdə və ya alətdə cəmlənmək əvəzinə, portfeli mütəmadi olaraq nəzərdən keçirməyi və balansı qorumağı tövsiyə edirlər. Aktivlərin sektorlar və alətlər üzrə düzgün bölüşdürülməsi risklərin idarə olunmasında əsas amillərdən biri hesab olunur.
Qeyd olunur ki, uzunmüddətli və dayanıqlı nəticələr əldə etmək üçün əsas məqsəd ayrı-ayrı investisiyalardan deyil, bütövlükdə portfelin effektiv idarə olunmasından ibarət olmalıdır.
Monetar.az